İcra hakimiyyətlərində ixtisarlar davam edir - Daha kimlər işdən çıxarılacaq?

İcra hakimiyyətlərində ixtisarlar davam edir - Daha kimlər işdən çıxarılacaq?
SOSİAL
15:29 27.02.2026
418
Son zamanlar dövlət strukturlarında, xüsusilə də icra hakimiyyətlərində işçilərin ixtisarına gedilir. Belə ki, Ağsu Rayon İcra Hakimiyyətində 14, Tovuz Rayon İcra Hakimiyyətində isə 43 əməkdaş vəzifəsindən azad edilib.
 
Məlumatlara görə, bu addımlar rayon icra strukturlarında ştat sayının yenidən tənzimlənməsi və idarəetmə mexanizminin təkmilləşdirilməsi çərçivəsində atılır. Qeyd edək ki, uzun müddətdir rayon və şəhər icra hakimiyyətlərində ştat cədvəllərinin əsassız şəkildə genişləndirilməsi və büdcəyə əlavə yük yaratması ilə bağlı iddialar səslənirdi. 

Milli Məclisin deputatı Vüqar Bayramov AZXEBER.COM-a açıqlamasında deyib ki, icra strukturunda ixtisarlar ümumi islahatların tərkib hissəsidir:

"Struktur islahatların həyata keçirilməsi ümumi islahatların əsas istiqamətlərindən biridir. Çünki struktur islahatları dövlət idarəetməsində çevikliyin təmin olunmasına, şəffaflığın artırılmasına xidmət edir. Həmçinin fiskal xərclərin optimallaşdırılmasına da imkan yaradır”.

Deputat qeyd edib ki, işsiz vətandaşların işlə təmin olunması əsas prioritetlərdəndir:

"İşdən çıxarılan vətəndaşların işlə təmin edilməsi də əsas prioritetlərdəndir. Bu istiqamətdə istər dövlət, istərsə də özəl sektorda vətəndaşların işlə təmin olunması istiqamətində dövlət dəstəyinin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, məşğulluğun daha çox özəl sektor hesabına formalaşması daha məqsədəuyğundur. Çünki süni intellektin və rəqəmsal texnologiyaların inkişafı fonunda idarəetmə sisteminin daha çevik və effektiv hala gəlməsi müşahidə edəcəyik”.

Parlamentari qeyd edib ki, özəl sektorlarda yeni iş yerlərinin yaradılması vacibdir:

"Özəl sektorun məşğulluqda payının artırılması vacib məqamlardandır. Bu, məşğulluğun dayanıqlığının qorunması baxımından mühüm rol oynayır. Sosial islahatların genişləndirilməsi kontekstində özəl sektorda yeni iş yerlərinin yaradılmasında dövlət dəstəyinin gücləndirilməsi, yeni layihələrin və dəstək mexanizmlərinin hazırlanması vacibdir. Sözügedən proses vətəndaşların işlə təmin olunmasında çətinliklərin qarşısının alınmasına xidmət göstərəcək”.

V.Bayramov digər icra strukturlarında da eyni prosesin olub-olmayacağı məsələsinə toxunub:

"Azərbaycanda iqtisadi islahatlar davamlıdır. İdarəetmə strukturunda şəffaflığın gücləndirilməsi, süni intellekt və rəqamsal həllərdən daha yaxından istifadə ilə bağlı tədbirlərin davam etməsini müşahidə edəcəyik”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR