‘İdeal’da başlayan, ‘Bank of Baku’da davam edən müştərini ‘aldatma əməliyyatı’ - ŞİKAYƏT

İQTİSADİYYAT
12:56 22.04.2014
3380

Azərbaycanda fəaliyyət göstərən özəl şirkətlərin istehlakçı hüquqlarını kobud şəkildə pozması ilə bağlı ölkə mətbuatında hər gün müxtəlif xəbərlər, araşdırmalar dərc olunur. Hər gün mətbuat səhifələrində özəl şirkətlərin, bankların vətəndaşların cibinə necə girməsi ilə bağlı yüzlərlə şikayət məktubları ictimaiyyətin diqqətinə çatdırılır.

Bəzən bunlar arasında öz həllini tapan problemlər olsa da, şirkətlərin bəziləri ümumiyyətlə özlərini “toxunulmaz” elan edərək, heç nəyə məhəl qoymurlar.

AZXEBER.COM-un redaksiyasına müraciət edən Fuad Məmmədov adlı istehlakçı da məhz belə şirkətlər tərəfindən aldadıldığını söyləyir. O, "İdeal" mağazalar şəbəkəsində başlayan aldatma əməliyyatının “Bank of Baku” tərəfindən davam etdirildiyini bildirib. Şikayətçi məktubunda başına gətirilən və istehlakçı hüquqlarının kobudcasına pozulduğu hadisə haqqında ətraflı yazır:

Problemin başlanğıcı…

"İdeal" mağazalarından daim alış-veriş edirik. Və müxtəlif vaxtlarda kampaniyalardan bonuslar da qazanmışdıq. Üç il bundan öncə - 2011-ci ilin mart ayında telefonuma mesaj gəldi ki, "İdeal" artıq “Bank of Baku” ilə əməkdaşlığa başlayıb. Yaxınlaşıb 600 manatlıq faizsiz, 6 aylıq ödəniş edə biləcəyiniz kartı götürə bilərsiniz. Yaxınlaşdıq, sənədləşdirdik (yoldaşımın adına).

İndi 3 il keçib, kart 36 aylıq nəzərdə tutulubmuş. Qaydalara görə, ödənişlər hər ayın 10-dək ödənilir. Götürülən məhsullar üçün 6 aylıq taksit çeki verilir ki, 6 aya ödəyə bilərsiniz.

Bu ayın (aprel) 2-də "İdeal"a ödəniş etmək istədikdə, terminalda belə bir cümlə yazılmışdı“Ümumi borc: 501 AZN, Bu ay ödəniləcək məbləğ: 501 AZN”. Düşündüm ki, terminalda yəqin yanlışlıq var…

“Bank of Baku”nun “Online müştəri xidmətləri”nə müraciət etdim. Sevda Allahverdiyeva adlı operator dəqiqləşdirib bildirdi ki, terminalda yanlış göstərib 115.09 AZN ödəməlisiniz. Səhərisi günü 120 AZN ödədim.

Aprelin 9-da bankdan zəng gəldi ki, siz məbləği tam (!) ödəməlisiniz. Kartın istifadə müddəti bitib. Yenidən müraciət etdim ki, biz 501 manatlıq götürdüklərimizi fevral və mart ayında götürmüşük və bizə "İdeal"da heç bir xəbərdarlıq etməyiblər ki, kart müddəti bitib, siz 1-2 aylıq götürə bilərsiniz. Əksinə, 6 aylıq ödəyəcəyimizə dair qəbzveriblər.

Əgər eləydisə, niyə aprelin 3-də online müraciət etdiyimizdə bizə 115.09 AZN deyilirdi? Bu, kredit ödənişidir axı, ödənişi kartla həyata keçirmirik. Əgər müddəti bitibsə 30 ayı keçdikdən sonra niyə xəbərdarlıq etmirdilər ki, vaxtı bitir?

“Bank of Baku”dan müştəriyə “bizdən kretid götür, borcunu ödə” təklifi...

Şikayətçi məktubunda, uzun söz-söhbətdən sonra “Bank of Baku”nun kredit eksperti (sözügedən kartı rəsmiləşdirən işçi) Fariz Tağıyevlə əlaqə saxladığını (tel: 0124470055, daxili nömrə 184) və bu sualları ona da verdiyini yazır:

“Bildirdim ki, istehlakçı kimi hüquqlarım pozulur. Fariz bəy isə cavabında mənə bu problemin yalnız İdeal kartda çıxdığını etiraf etdi:

“Siz ilk müştərilər olduğunuz üçün problem indi çıxır üzə, hüquqşünaslarımız hazırda üzərində işləyir ki, həmin müştərilərə 6 aylıq möhlət verilsin".

Sual verdim ki, mənə indi 381 manat borc yazılıb. Hər gün də cəriməni gecikdirdiyimə görə 3,81 AZN faiz üzərinə gəlir. 8 gündü artıq ödəmə etmirəm. (Hazırda isə 11 gündür - 21.04.2014)

Fariz bəylə cümə günü danışdım. O bankın hüquqşünasları ilə bir daha danışacağını və mənim kimi bir neçə şikayət edən müştərilərin olduğunu bildirdi (təkcə özünün eksperti olduğu 300-dən çox şikayətçi "İdeal" kartlı olduğunu söylədi).

Dedi ki, bazar ertəsi səhər danışaq, onlardan "hə-yox" öyrənib deyəcək mənə...

Bu gün zəng vurdum. Mənə dedi ki, siz borcu da cəriməni də ödəməlisiniz, başqa yol yoxdur.

Bankın əməkdaşı mənə “arayış gətir, 400 manat kredit verək sənə, get borcu ödə” təklifini də irəli sürməyi unutmadı.

Bax, belə... 380-400 manatı ödəmək əlçatmaz bir şey deyil əslində. Sadəcə, maraqlıdı ki, bank öz səhvini niyə müştərilərin hesabına bağlamaq istəyir.

Soruşuram ki, mənim depozit kartım da var sizin bankda. Deməli, nə vaxtsa kartın müddəti bitsə, o deməkdi ki, kartdakı pulum da batacaq? Deyir yox, narahat olmayın, bu problem başqa kartlarımızda yoxdu, ancaq İdeal kartdadı.

“Bank of Baku”yla bağlı cavabsız qalan suallar...

Şikayət məktubu ilə bağlı AZXEBER.COM portalı olaraq, “Bank of Baku”nun 145 Məlumat Mərkəzinə və 447-00-55 (baş ofis) nömrəsinə zəng etsək də, sualımıza cavab verə biləcək bir məsul şəxs tapa bilmədik.

İstehlakçı hüququnun kobudcasına pozulduğu bu məsələdə isə ortaya bəzi cavabsız suallar çıxır:

  1. Əgər kartın müddəti bitmişdisə bank niyə bunu öncədən nəzərə almayıb?
  2. Əgər kartın müddətinin bitməsinə az qalmışdısa, nəyə görə bank “İdeal”a bununla bağlı məlumat verməyib və nəticədə də “İdeal” istehlakçıya 6 aylıq qəbz verir?
  3. Nəyə görə, bankın əməkdaşı istehlakçının razılaşmadığı məsələyə, “bankımızdan kredit götürün və borcunuzu birdəfəlik ödəyin” təklifini verir?.
  4. Bankın işində hansısa qüsur olubsa, o zaman nəyə görə bu qüsuru düzəltməyin əvəzinə istehlakçıya hər gün faiz gəlir?

Hər halda qarşı tərəfin də münasibətini portalda yayımlamağa hazırıq.

Mövzuya yenidən qayıdacağıq...

AZXEBER.COM

İqtisadiyyat şöbəsi

OXŞAR XƏBƏRLƏR