Avqustun 17-də Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatına start verilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ilk yarış günündə sərbəst güləş üzrə 70, 74, 97 və 125 kq-da finalçılar müəyyənləşib.
Nurlan Ağazadə (70 kq) debütdə kanadalı Keyd Braunu mübarizədən kənarlaşdırıb - 9:2. Millinin üzvü 1/8 finalda gücünü qırğızıstanlı Zalkarbek Tabaldiyevə göstərib - 5:2. Güləşçimiz çinli Tao Veini isə vaxtından əvvəl (12:2) üstələyərək yarımfinala yüksəlib. Nurlan finalın bir addımlığında moldovalı Aleksandr Qaydarliyə məğlub olub - 4:7. Ağazadə sabah bürünc medal uğrunda güləşəcək.
Ağanəzər Novruzov (74 kq) bolqarıstanlı Stiliyan Corova heç bir şans tanımayıb - 10:0. Ancaq 1/8 finalda almaniyalı U20 Avropa çempionu Manuel Vaqinə 2:7 hesabı ilə uduzub.
Rəvan Musayev (97 kq) macarıstanlı Peter Jivnovskiyə tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/8 finalda fransalı Aşab Dadayevlə bacarmayıb - 2:12.
Yusif Dursunov (125 kq) startda çinli Ruljie Lini "tuş"la yolundan kənarlaşdırıb. Həmyerlimiz gürcüstanlı Aleksandre Abramişvilidən də güclü olub - 5:0. Yusif yarımfinalda iranlı Abolfazl Nejadla güləşib. Görüşdə güləşçilər fənd işlətməyib. Rəqib sonuncu xal prinsipinə əsasən (1:1) finala yüksəlib. Dursunov sabah üçüncü yer uğrunda qarşılaşmaya çıxacaq.