Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, dövlət və hökumət nümayəndələri şənlikdə iştirak ediblər.
Dövlət başçısı, xanımı və ailə üzvləri əvvəlcə Qız qalasının qarşısındakı meydana gediblər.Milli geyimli uşaqlar prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik ediblər.
Ölkə başçısı Novruz tonqalını alovlandırıb.
Sonra prezident İlham Əliyev və ailə üzvləri Dənizkənarı Milli Parka gediblər.
Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar.
Kosa və Keçəl Prezident İlham Əliyevi və ailə üzvlərini bayram münasibətilə təbrik ediblər.
Milli Parkda təşkil edilən milli-mənəvi dəyərlər və idman stendləri bayram şənliyinə xüsusi çalar qatıb. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılanıb. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstəriblər.
Dövlət başçısıvə ailə üzvləri bərəkətli Azərbaycan torpağında yetişdirilən məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış olublar. Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri şənlik iştirakçılarında maraq doğurub.Prezident İlham Əliyev və ailə üzvləri Azərbaycan xalçalarının nümunələrinə də baxıblar.
İlham Əliyev vəMehriban Əliyeva bayram şənliyində “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş stendlərin qarşısında idmançıların çıxışlarını da izləyiblər.