Vladimir Putinin səfəri zamanı Ermənistanın rəhbərliyi İrəvanda Rusiya prezidentinə Gömrük İttifaqına qoşulacağına və öz gələcəklərini bu dövlətlə bağladıqlarına əmin ediblər.
İki gün əvvəl isə Vilnüs sammitində başqa söz deyirdilər və bu nöqteyi-nəzərdən müstəqil dövlətin müstəqil mövqeyi olmalıdır.AZXEBER.COM xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov dilə gətirib.Onun dediyinə görə, bu proseslər onu sübut edir ki, Ermənistan müstəqil dövlət deyil, onun müstəqil mövqeyi yoxdur.Komitə sədri qeyd edib ki, ən əsası da ondan ibarətdir ki, Ermənistanın müstəqil mövqeyi olmadığı üçün bu mövqeyə heç bir ölkə tərəfindən normal münasibət gözləmək lazım deyil.S.Seyidovun sözlərinə görə, ona görə ki, hər bir insan da, qurum da, o cümlədən dövlət də əvvəl gərək özü özünə hörmət etsin ki, başqaları da ona hörmət etsin:“Ermənistan bir regionda yaşamaq istəyirsə, region dövlətləri ilə dostluq etmək lazımdır. Prezident İlham Əliyevin siyasəti Qafqazda heç kimə qarşı deyil. Amma Ermənistan belə siyasət apardığı üçün belə ağır vəziyyətdədir. İşğalçı olduğuna görə onun gələcəyi yoxdur. Amma Azərbaycanın Avropa ilə də, Rusiya ilə də əlaqələri var.Əlbəttə ki, Rusiyanın da, başqa ölkələrin də bu regionda tarixən maraqları var və bunu heç kim inkar etmir. Bu regionda müxtəlif maraqların toqquşmasını nəzərə alaraq düzgün siyasət aparmaq, öz xalqını irəli aparmaq lazımdır. Bu siyasəti də hörmətli Prezidentimiz həyata keçirir. Bizim regionda mövqeyimiz güclüdür və dünyada Azərbaycanla güclü dövlət kimi hesablaşırlar.Ermənistanla bağlı isə tam əksinədir. Nə bu tərəf, nə o tərəf Ermənistanın maraqlarını nəzərə almır. Yalnız bu ola bilər ki, Ermənistandan istifadə edib öz maraqlarını bu regionda tətbiq etsinlər. Bu da Ermənistan xalqının ən böyük faciəsidir. Bu xalqın üzərində Avropa öz maraqlarını, Rusiya isə öz maraqlarını yeridəcək. Ermənistan hakimiyyəti isə öz mövqeyini ortaya qoymaq iqtidarında deyil”.