19:50 Bazar Ertəsi, 09 Dekabr 2019
DÜNYA

İmamoğlu - Yıldırım: İstanbulda rəy sorğuları kimin qalib olacağını göstərdi

22:25, 21.06.20195326
İmamoğlu - Yıldırım: İstanbulda rəy sorğuları kimin qalib olacağını göstərdi
İstanbul seçkiləri üçün bir çox şirkətlər keçirdikləri rəy sorğuları ilə bağlı nəticələri yayımlayıb
 
Artıq gecə saatlarından etibarən (Bakı vaxtı ilə saat 01:00-da) Türkiyədə seçkiöncəsi təşviqat kampaniyası başa çatır. Düzdür, seçkilər yalnız İstanbulda keçirilsə də, İstanbul Böyükşəhər Bələdiyyəsi sədri vəzifəsinə bu il sayca keçiriləcək ikinci seçkilərə maraq həddən artıq böyükdür. Seçkilər, seçki prosesi nəinki bütün Türkiyədə, hətta Azərbaycan və Qərb ölkələrində də maraqla izlənilir.

İyirmi bir namizədin iştirak edəcəyi seçkilərdə İstanbul Böyükşəhər Bələdiyyəsi sədri vəzifəsi uğrunda əsas mübarizənin məhz Millət İttifaqının namizədi Əkrəm İmamoğlu və Cumhur İttifaqının namizədi Binəli Yıldırım arasında gedəcəyi heç kimə sirr deyil.

Türkiyənin Yüksək Seçim Kurulu (YSK) tərəfindən 31 mart seçkilərinin nəticələrinin ləğvindən və 23 iyunda təkrar seçkilərinin keçirilməsi qərarından sonra anket şirkətləri seçkilərdə kimin qalib olacağına dair sorğular keçirir.

YSK-nın ləğv qərarından sonra İmamoğlunun mazbatası (vəsiqəsi) geri alındı və gözlər iyunun 23-də keçiriləcək İstanbul seçkilərinə çevrildi.

İstanbul seçkiləri üçün bir çox şirkətlər keçirdikləri rəy sorğuları ilə bağlı nəticələri yayımlayıb.

"Konda araşdırma" şirkətinin ən son keçirdiyi rəy sorğusuna əsasən, Əkrəm İmamoğlu seçkidə səslərin 49%-i, Binəli Yıldırım isə 40,9%-ni əldə edəcək. Hesabatda, həmçinin qeyd edib ki, respondentlərin 9,4 faizi hələlik kimə səs verəcəyinə dair qərar qəbul etməyib və ya seçkilərdə iştirak etməyəcək. Bu halda isə Əkrəm İmamoğlu seçkilərdə 54%, Binalı Yıldırım isə 45% səs alacaq.

​"ORC" şirkətinin rəy sorğularına əsasən isə Binəli Yıldırım seçkilərdə liderdir. Belə ki, rəyi soruşulan respondentlərin 47%-i məhz onu dəstəkləyir. Onun rəqibi Əkrəm İmamoğluya səs verənlərin sayı isə 46,7%-dir. Rəyi soruşulan respondentlərin 0,8%-i digər namizədlərə səs verəcəyini, 5,5%-i isə hələ bir qərara gəlmədiyini bildirib.

"Ada Araşdırma" şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, Əkrəm İmamoğlu respondentlərin hazırda 50,64%-nin səsini toplayır. Onun rəqibi Binəli Yıldırım isə 48,30% səs yığacaq. Rəyi soruşulan istanbulluların 0,84%-i Səadət Partiyasının namizədi Necdet Gökçınara səs verəcəyini, 0,22%-i isə digər namizədlərə səs verəcəyini bildirib.

​"MAK Danışmanlık" Araşdırma şirkətinin 11 min nəfərin iştirakı ilə keçirdiyi rəy sorğusuna görə isə iyunun 23-də keçiriləcək seçkilərdə Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Binalı Yıldırımı 2% səs çoxluğu ilə üstələyir.

15 və 20 may tarixlərində keçirilən rəy sorğularına əsasən seçkilərdə kimə səs verəcəyinə dair qərar verməyən şəxslər nəzərə alınmadağı təqdirdə istanbulluların 50,3%-i Əkrəm İmamoğlunun, 48,2%-i Binalı Yıldırımın, 0,75%-i isə Səadət Partiyasının namizədi Necdet Gökçınarın lehinə səs verəcəklər.

"MAK Danışmanlık" Araşdırma şirkətinin İstanbul Böyükşəhər Bələdiyyəsi seçkiləri ilə yanaşı, sorğuya qatılanlarından YK-nın İstanbul qərarını, namizədlər haqqında nə düşündüklərini və sabah seçki olarsa, hansı partiyaya səs verəcəksiniz kimi suallar da yönəldib.

Belə ki, respondentlərin 47%-i YSK-nın qərarını düzgün olmadığını, 43%-i isə qərarın doğru olduğunu bildirib. Bundan əlavə, sorğuya qatılan istanbulluların 79%-i martın 31-i dəstəklədiyi namizədi dəstəkləməyə davam edəcəyini bildirərkən 13%-i 23 iyun seçkilərində fərqli bir namizəd seçə biləcəyini açıqlayıb.

"MAK Danışmanlık" şirkəti eyni zamanda İmamoğlu – Yıldırım arasında iyunun 16-sı televiziyada canlı yayımda keçirilən debatlardan sonra da 33 min şəxslə telefonla əlaqə saxlayaraq onların kimə səs verməsi ilə maraqlanıb. İstanbul sakinlərindən telefon danışığı zamanı İmamoğlu ilə Yıldırımın canlı yayım performansları soruşulub və rəy sorğusu həyata keçirilib.

​Rəyi soruşulan şəxslərin 44%-i seçkilərdə Əkrəm İmamoğlunun, 42,5%-i Binəli Yıldırımın lehinə, 3,7%-i isə digər namizədlərə səs verəcəyini açıqlayıb. Respondentlərin 10,5%-i seçkilərdə səs verməyəcəyini, 2%-i sə hələlik qərarsız olduğunu qeyd edib.
XƏBƏR LENTİ