AVRO-2012-nin final mərhələsinə yekun vurulub.
Çempionatın son oyununda İspaniya və İtaliya milli komandaları üz-üzə gəlib. Kiyevdə keçirilən final matçında AVRO-2012-nin qalibi müəyyənləşib. 24 günlük marafonun sonunda yenə sevinən İspaniya olub.
Son dünya və Avropa çempionu olan İspaniya ardıcıl 3-cü titulunu qazanıb. Bununla da ispaniyalılar bir sıra rekordlara imza atıb. Ardıcıl 3 böyük turnirin çempionu olan ilk komanda kimi dünya futbolu tarixinə düşən pireneylilər həm də ardıcıl 2 dəfə Avropa çempionu olan ilk və yeganə komanda olub. Visente del Boskenin yetirmələri matçın taleyini ilk yarıda vurulan 2 qolla həll edib. Meydana nominal hücumçusuz çıxan komanda fasilədən sonra üstünlüyünü nəinki qoruya bilib, hətta daha 2 qol da vurub. Bununla da finalda darmadağın rəsmiləşib - 4:0. Qarşılaşma son 2 dünya çempionunun dueli kimi diqqət çəkirdi. AVRO-2012-də 2-ci dəfə üz-üzə gələn rəqiblər C qrupundakı ilk turun oyununda münasibətlərini ayırd etmişdi. Həmin vaxt nə DÇ-2006-nın qalibi İtaliya, nə də DÇ-2010-un çempionu İspaniya qalib gəlməmişdi – 1:1. Həm də son Avropa çempionu olan İspaniya 4 il əvvəl 44 illik həsrətə son qoyub bu titulu qazanmışdı. İndi isə 1968-ci ildən sonra qitənin ən yaxşısı olmayan İtaliya 44 illik həsrətə son qoymağa çalışırdı Lakin ispaniyalılar buna imkan vermədi. Almaniya kimi 3 qat qitə çempionu olan İspaniya bu göstəricidə də rekorda şərik oldu. Qeyd edək ki, oyunu izləyənlər arasında AFFA rəhbərliyi də olub. Qurumun prezidenti Rövnəq Abdullayev və baş katibi Elxan Məmmədov Kiyevdəki “Olimpiyski” stadionundan matçı canlı izləyiblər.AVRO-2012Final İSPANİYA – İTALİYA - 4:0 QOLLAR: Silva. 14, Alba, 41, Torres, 84, Mata, 88 Baş hakim: Pedro Proensa (Portuqaliya) Kiyev. “Olimpiyski” stadionu İSPANİYA: Kasilyas, Arbeloa, Pike, Ramos, Alba, Xavi, Buskets, Xabi Alonso, Silva, Fabreqas, İnyesta