ABŞ Prezidenti Donald Trump İsrail ilə Livan arasında mövcud atəşkəs rejiminin üç həftə müddətinə uzadılacağını açıqlayıb. ABŞ lideri bu barədə "Truth Social” hesabında paylaşım edərək bildirib ki, tərəflər arasında gərginliyin azaldılması istiqamətində danışıqlar davam edir.
Politoloq Rusif Məmmədsoy AZXEBER.COM-a açıqlamasında deyib ki, İsrail atəşkəsi "Hizbullah”a və Livana şamil etməyib:
"Hazırda bu problem İsrail ilə Livan hökumətləri arasında deyil. Əsas məsələ Livanda fəaliyyət göstərən, "Hizbullah”adlı İrana bağlı qruplaşma ilə bağlıdır. Bu qruplaşma tərəfindən mütəmadi olaraq İsrail əraziləri atəşə tutulur. Qarşılıqlı olaraq isə İsrail "Hizbullah” üzvlərini zərərsizləşdirmək məqsədilə Livan istiqamətində intensiv hərbi əməliyyatlar həyata keçirir. Son əməliyyatlar bir daha göstərdi ki, ABŞ ilə İran arasında atəşkəs razılaşması əldə olunsa da, İsrail bu razılaşmada İrana zərbə endirməyəcəyinə dair öhdəlik götürsə də, bunu "Hizbullah”a və Livana şamil etməyib”.

Ekspert bildirib ki, Livanda vəziyyət olduqca mürəkkəbdir:
"Livanda vəziyyət olduqca mürəkkəbdir. Nəzərə almaq lazımdır ki, "Hizbullah” ilə yalnız İsrail mübarizə aparmır, eyni zamanda Livanın daxilində də bu qruplaşmanın müxtəlif yollarla zəiflədilməsi istiqamətində müəyyən səylər mövcuddur. Livanın buna təkbaşına nail olmaq üçün kifayət qədər siyasi və hərbi gücü yoxdur. Bu baxımdan, Livanla İsrail arasında yaxın zamanda hər hansı bir uzlaşmanın mümkün olacağını düşünmək çətindir. Çünki real güc mərkəzi tam şəkildə Livan hökuməti deyil. Orada faktiki təsir imkanları böyük ölçüdə "Hizbullah”ın əlində cəmləşib. Bu səbəbdən, "Hizbullah”la razılıq əldə olunmadan davamlı sülh ehtimalı zəif görünür. Məncə, İsrail bundan sonra da Hizbullahı zərərsizləşdirmək məqsədilə əməliyyatlarını davam etdirəcək”.
Şahanə Ziyad











































