02:59 çərşənbə Axşamı, 21 May 2019
GƏNCLİK

İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib

11:10, 11.12.20183976
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə 10 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İstanbul Universitetində konfrans və "Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi "İrəvan- gizlədilmiş həqiqətlər" sənədli filminin türk dili versiyasının nümayişi keçirilib. Tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
 
AZXEBER.COM xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Milli Məclisinin deputatı Şahin İsmayılov, "Virtual Qarabağ” İnformasiya – Kommunukasiya Trxnologiyaları Mərkəzinin rəhbəri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Respublikasının Türkiyə Respublikasınnın İstanbul şəhərindəki vitse-konsulu Ramin Hacızadə, sənədli filmin ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, İstanbul Universiteti Tarix Bölümü Başqan Yardımçısı Prof. Dr. Fatih Sancaktar, İstanbul Universiteti Tarix Bölümü Öyrətim Üyəsi Prof. Dr. Hilal Bal və başqaları iştirak ediblər.
İstanbul Universitesi Edebiyat Fakültesi Kurul salonunda baş tutan nümayiş öncəsində çıxış edən İstanbul Universiteti Tarix Bölümü Başqan Yardımçısı, Prof. Dr. Fatih Sancaktar Türkiyə və Azərbaycanın qardaşlığının sarsılmaz olduğunu, Ermənistanın soyqırım iddialarına və Azərbaycana hərbi təcavüzünə qarşı Türkiyə və Azərbaycanın birgə fəaliyyətlərin əhəmiyyətini vurğulayıb.
 
Natiq "İrəvan- gizlədilmiş həqiqətlər" sənədli filminin ermənilərin uzun illər yaydıqları yalanları ifşa etdiyini, tarixi həqiqətlərin çatdırılmasında önəmli rol oynayacağənı qeyd edib.

Azərbaycan Milli Məclisinin deputatı Şahin İsmayılov çıxışında Türkiyə və Azərbaycan arasında qardaşlıq bağlarının çox əsrlik tarixi olduğunu bildirib. Ş.İsmayıov vurğulayıb ki, iki qardaş ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrin inkişaf etməsi hər iki xalqın və dövlətin diqqət mərkəzindədi.
Millət vəkili həmçinin erməni yalanlarının bütün dünyada ifşa edilməsi istiqamətində hər iki ölkənin müvafiq qurumlarının, ictimaiyyət nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının və gənclər təşkilatlarının səylərini birləşdirməli olduğunu diqqətə çatdırıb.

"Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları mərkəzinin rəhbəri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev 100 il öncə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqına bəxş etdiyi dəyərləri, təqdim olunan "İrəvan – gizlədilmiş həqiqətlər" sənədli filminin məzmunu və xüsusiyyətləri haqqında İstanbul Universiteti müəllim, professor və tələbə heyətinə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan, ingilis, rus, türk dillərində istehsal olunan "İrəvan- gizlədilmiş həqiqətlər" sənədli filmi erməni yalanlarını ifşa etmək, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin Azərbaycan türklərinə məxsus olması, bu şəhərin türk – müsəlman irsinin tamamilə məhv edilməsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.

İstanbul Universiteti Tarix Bölümü Öğretim Üyesi Prof. Dr. Halil Bal da çıxışında uzun illərdən bəri Ermənistan rəsmi dairələrinin və diaspora təşkilatlarının dünya ictimaiyyətini aldatdıqlarını bildirərək, bu cür hallara qarşı birgə mübarizənin zəruriliyini önə sürüb.
Sənədli filmin senari müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa deyib ki, bu gün İrəvanda bir məsciddən savayı, yaşı 200 ildən artıq olan tarixi-memarlıq abidəsi qalmayıb, Ermənistan rəhbərliyi tərəfindən yer üzündən silinib. İrəvandan Azərbaycan türklərinin köçürülməsi, ermənilərin işğalçılıq siyasəti haqqında izləyicilərə ətraflı məlumat verdi.
Sonra "İrəvan- gizlədilmiş həqiqətlər" sənədli filmi türk dilində nümayiş olunub. Sənədli film İstanbul Universiteti tələbələri, professor, müəllim heyəti tərəfindən maraqla qarşılanıb. Filmdə İrəvan şəhərinin salınması, şəhərdə türk – müsəlman hakimiyyəti, İrəvan qalası, məscidləri, meydanları, karvansaraları, ticarət köşkləri, hamamları, bağları, İrəvanın Çar Rusiyası tərəfindən işğalı və demoqrafik vəziyyəti, İrəvanda Azərbaycan türklərinin mədəni irsinin məhv edilməsi, İrəvandan Azərbaycan türklərinin köçürülməsi, müasir İrəvanda Azərbaycan mədəni irsi haqqında tutarlı tarixi faktlar və təsvirlərlə bəhs edilir.

Film türk dililə yanaşı, Azərbaycan, ingilis və rus dillərində istehsal olunaraq nümayiş etdirilib. Filmin ərsəyə gəlməsində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə əməkdaşlıq olunub.

Filmin ideya müəllifi və layihənin rəhbəri Nurəddin Mehdiyev, baş məsləhətçi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA – nın həqiqi üzvü Yaqub Mahmudov, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, qurluşçu rejissoru Teymur Nəcəfzadədir.

Xatırladırıq ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan "Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011 – ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011 – 2015 – ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq yaradılmışdır. Mərkəz Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu günə qədər Qarabağa və tarixi torpaqlarımıza dair maraqlı məhsullarla çıxış etməkdədir.
 

 

 

 


XƏBƏR LENTİ