Baltik dənizi üzərində uçan təyyarələrin GPS sistemlərinə edilən hücumlar 2023-cü ildən bəri kəskin dərəcədə artıb və gündəlik hal almağa başlayıb.
Bu barədə İsveçin Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumata görə, İsveç səmasında naviqasiya-peyk sistemlərinə edilən kənar müdaxilə hallarının sayı 2023-cü ildə 55 idisə, cari ildə bu rəqəm 733-ə yüksəlib.
"Biz uzun müddətdən bəri baş verənləri analiz edərək məlumat toplamışıq. Belə nəticəyə gələ bilərik ki, bu müdaxilələr Rusiya ərazisindən baş verir”, - nazirliyin bəyanatında qeyd olunur.
Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının Prezidenti Ursula von der Leyeni daşıyan təyyarənin GPS sisteminə Rusiya tərəfindən müdaxilə olunduğu və pilotun təyyarəni kağız xəritəyə baxaraq endirməyə məcbur olduğu iddia edilmişdi. Kreml məsələnin arxasında Rusiyanın olması barədə xəbərləri təkzib etmişdi.
\apa