16:57 Cümə Axşamı, 21 Fevral 2019
TOP4

"Ləğv olunan qurumların işçiləri vakant vəzifələrə təyin ediləcək" - Əbülfəs Qarayev

19:47, 30.01.20195094
"Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin ləğvi, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı işlər də həyata keçiriləcək".

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev Nazirliyin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsinə həsr olunmuş geniş müşavirədə çıxış edərkən deyib.

Ə.Qarayev bildirib ki, Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı mədəniyyət sahəsində müasir sistemin qurulmasını, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsini, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasını nəzərdə tutur.

Mədəniyyət Nazirliyində həyata keçirilən islahatların uğurla davam etdirildiyini deyən nazir deyib ki, Prezident İlham Əliyevin 2016-cı il martın 29-da imzaladığı Sərəncama uyğun olaraq 2017-ci ildən nazirliyin Bakı şəhəri üzrə baş idarəsi və 15 regional mədəniyyət idarəsi fəaliyyət göstərir. Ölkə başçısının "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2018-ci il iyunun 6-da imzaladığı fərmana uyğun olaraq Mədəniyyət Nazirliyinin strukturu yenidən formalaşdırılıb.

Nazir əlavə edib ki, dövlət başçısının nazirliklə bağlı son fərmanı həyata keçirilən islahatların davamıdır. Fərmana əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün komissiya yaradılıb.

Ə.Qarayev bildirib ki, fərmandan irəli gələn məsələlərin həlli üçün nazirliyin daxili əmri ilə müvafiq işçi qrupları təşkil edilib. İşçi qruplarına fərmanın müvafiq bəndlərinə uyğun olaraq informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması, dövlət mülkiyyətində olan muzeylərin inventarizasiyasının aparılması, fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey fəaliyyətinin təşkili, Nazirliyin tabeliyindəki musiqi məktəblərinin inventarizasiyasının aparılması, fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə inzibati ərazi vahidləri üzrə daha kompakt təşkili, mədəniyyət mərkəzlərinin, mədəniyyət evlərinin və klubların, rəsm qalereyalarının inventarizasiyasının aparılması, fəaliyyətinin təkmilləşdirilməsi, mövcud tələbat nəzərə alınmaqla, ölkənin inzibati ərazi vahidləri üzrə daha kompakt təşkili və xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.

Ə.Qarayev bildirib ki, fərmana əsasən, ləğv olunan qurumların işçilərinin nazirliyin tabeliyində olan digər qurumlarda müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görüləcək.
XƏBƏR LENTİ