Leyla və Alena Əliyevalar Qubada - Fotolar

Leyla və Alena Əliyevalar Qubada - Fotolar
SOSİAL
09:29 25.02.2026
260
Fevralın 24-də Leyla Əliyeva və Alena Əliyeva Quba rayonuna səfər ediblər.

AZXEBER.COM xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva və Alena Əliyeva Quba şəhərində internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər.

Əvvəlcə Quba şəhər ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinə baş çəkilib. Bildirilib ki, burada 79-u oğlan, 35-i qız olmaqla 114 məktəbli təhsil alır. Leyla Əliyeva və Alena Əliyeva internat məktəbində yaradılan şəraitlə tanış olub, uşaqlarla səmimi söhbət edib, onların məşğələ proseslərini izləyib, fotolar çəkdirib və şagirdlərə məktəbli ləvazimatları təqdim ediblər. Məktəbdə şagirdlər tərəfindən hazırlanan mədəni proqram təqdim olunub, şeirlər səsləndirilib, mahnılar ifa olunub.

Daha sonra Quba STEAM mərkəzi ziyarət olunub. Mərkəzlə tanışlıq zamanı xatırladılıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan məktəblərində 2019-cu ildən etibarən STEAM (Science, Technology, Engineering, Art, Mathematics) layihəsinin geniş tətbiqinə başlanılıb. Qeyd olunub ki, STEAM mərkəzi Qubada 2021-ci ildən fəaliyyət göstərir və bütün yaş qrupları üçün nəzərdə tutulub. Leyla Əliyeva və Alena Əliyeva mərkəzdə yaradılan şəraitlə yaxından tanış olub, şagirdlərlə səmimi söhbət aparıb, onların burada əldə etdikləri bilik və bacarıqların praktiki tətbiqi ilə maraqlanıblar.

Sonda uşaqlar və məktəbin kollektivi ilə xatirə şəkilləri çəkdirilib.

***

Ötən gün Leyla Əliyeva Quba rayonuna səfəri çərçivəsində arıçı Zəfər Əzizovu evində ziyarət edib.

Görüş zamanı Leyla Əliyeva arıçı ailəsi ilə səmimi söhbət edib, təsərrüfatın gündəlik fəaliyyəti ilə yaxından maraqlanıb.

Zəfər Əzizov arıçılıq sahəsindəki təcrübəsi və ailəsinin təsərrüfatı olan "Ballı Pətək” brendi haqqında ətraflı məlumat verib. 1997-ci ildən peşəkar arıçılıqla məşğul olmağa 2 arı ailəsi ilə başladığını bildirən Z.Əzizov hazırda onların sayının 200-ü ötdüyünü deyib. Qeyd edib ki, ailə təsərrüfatı 2010-cu ildən "Ballı Pətək” brendi ilə fəaliyyətini genişləndirərək bazara may, meşə və dağ balları təqdim edir.

Z.Əzizov bal və digər arı məhsullarını əldə etmək üçün arı ailələrini Xaçmaz, Şabran, Qusar, Quba və başqa rayonlara apardığını vurğulayıb. Bildirilib ki, illik istehsal gücü 2-3 ton olan təsərrüfatda, həmçinin arı südü, çiçək tozu və güləm kimi faydalı məhsullar əldə edilir. Bununla yanaşı, Z.Əzizov cins ana arı yetişdirməklə də məşğuldur.

Səmimi mühitdə keçən görüşün davamında Leyla Əliyeva ev sahibləri ilə birgə arı mumundan təbii şamların hazırlanmasında yaxından iştirak edib.

Arıçı Zəfər Əzizov və ailəsi Leyla Əliyevaya səmimi ziyarətə və diqqətə görə minnətdarlığını ifadə edib, ona hədiyyə təqdim edib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR