Liviyanın paytaxtı Tripolidə Qəddafi tərəfdarları ilə qarşıdurmalar davam edir. Sonuncu qarşıdurmada 13 nəfərin öldürüldüyü, 100-dən çox insanın isə yaralandığı bildirilir. Ölkədəki qeyri-stabil vəziyyət Liviyanın müvəqqəti keçid hökumətini naraht edir. Hökümət hələ də əllərində silah olan 1000-lərlə tərəfdarı zərərsizləşdirmək və 8 aydır davam edən döyüşlərə son qoymağa çalışır. Müvəqqəti hökumətin rəhbəri Mustafa Əbdül Cəlil bildirib ki, onun hökuməti Zauiyə və Uərşəfənə bölgələrindən olan xalqa düşmən mövqeyi tutan Qəddafi tərəfdarlarının başçıları ilə bir araya gəlib və tərəflər düşmənçiliyin aradan qaldırılmasında razılığa gəliblər. Buna baxmayaraq, adı çəkilən şəhərlərin əraziləri arasında ağır artilleriyadan açılan atəş və bomba partlayışlarının səsləri eşidilib. Döyüş mövqelərindən birində Qəddafinin oğlu Xəmisin başçılıq etdiyi hərbi qüvvələrlə döyüşlər olub. Döyüşlərdə öldürülən 13 nəfərdən 4-ü Zauiyə, 9-u isə Uərşifənə şəhərlərindən olub. Sonuncu münaqişənin yaranmasının səbəbi bilinməsə də, bəzi iddialara görə Uərşifənə şəhərindən olan qruplar Qəddafi tərəfdarları olub. Bir qədər əvvəl isə Zauiyə döyüşçüləri Uərşifənəyə girərək orada olan silahları ələ keçiriblər. Elə buna görə də Uərşifənədən olan döyüşçülər əsas magistralda postlar yaradıb və Zauiyəyə hücum ediblər. Əbdül Cəlil deyib ki, hər iki tərəfin şikayətlərini dinləmək üçün Müvəqqəti Keçid Höküməti komitə yaradıb. Onun sözlərinə görə, döyüş bir nəfər gəncin məsuliyyətsiz davranaraq atəş açması ilə başlayıb.