Lütfi Zadə Siyavuş Qarayevə məktub yazdı – MƏTN

MARAQLI
01:01 16.11.2011
2767

“Turan” agentliyi Kaliforniyadakı Berkli Universitetinin professoru Lütfi Zadənin professor Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasının avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri vəzifəsindən azad olunması ilə əlaqədar bu akademiyanın rektoru Siyavuş Qarayevə yazdığı məktubun mətnini açıqlayıb.

Lütfi Zadə məktubu Rafiq Əliyevin işdən çıxarıldığını eşidəndən dərhal sonra, noyabrın 9-da yazıb.

Məktubda deyilir: “Mən eşitdim ki, professor Rafiq Əliyev sizin akademiyanın kafedra rəhbəri vəzifəsindən azad edilib. Buna inanmaq çətindir”.

Lütfi Zadə vurğulayıb ki, Rafiq Əliyev dünya miqyaslı alimdir: “Mən professor Əliyevin işinin gələcəkdə Nobel mükafatına namizəd irəli sürüləcəyini gözləyirəm”.

Daha sonra məktubda bildirilir: “Başa düşürəm ki, professor Əliyevin işdən çıxarılması onun insan haqlarına görə hakimiyyəti tənqid etməsi ilə əlaqədardır. Mən tez-tez müxtəlif texniki problemlərlə əlaqədar Əliyevlə telefonla danışıram. Diskussiyalar zamanı insan haqları məsələsinə heç vaxt toxunulmayıb”.

Lütfi Zadə Siyavuş Qarayevə məktubunda qeyd edib ki, o, Rafiq Əliyevin büsbütün elmlə məşğul olduğunu düşünür: “Ümidvaram ki, o öz vəzifəsinə bərpa olunacaq və Azərbaycanda elmin inkişafına yardımını davam etdirəcək.

Prezident İlham Əliyevin və mənim hörmətli dostum, nazir Əli Abbasovun (rabitə və informasiya texnologiyaları naziri - red.) rəhbərliyi ilə Azərbaycanı işıqlı gələcək gözləyir”.

OXŞAR XƏBƏRLƏR