Ülvi Quliyev: 'İlham Əliyev idmançıların ən böyük dostu və himayədarıdır' - MÜSAHİBƏ
İDMAN
01:21 21.07.2012
10586
Millət vəkili, Azərbaycan Karate Federasiyaları Asossasiyasının prezidenti Ülvi Quliyevin Qaynar.info-ya müsahibəsini təqdim edirik.- Ülvi müəllim, gənclər üçün maraqlı olsun deyə, gəlin əvvəlcə karatenin yaranma tarixindən danışaq. Karate harada yaranıb və bu idman növü nə zamandan Azərbaycana gəlib?- Karatenin yaradıcıları Okinavada sakinləri, vətəni isə Yaponiyadır. 1920-ci ildə baş tutmuş bir məşhur döyüş karate tarixinin baslanğıcı sayıla bilər. Yaponca “kara”-boş, “te”-əl, “do” isə yol deməkdir. Yəni, boş əlli yol. Karate 1945-ci ildən sürətlə yayılmağa başlayıb. İlk rəsmi çempionat isə 1957-ci ildə Tokioda baş tutub. Azərbaycanda bu idman növünün tarixinə gəlincə onu qeyd edim ki, əvvəllər karatenin rəsmi idman növü kimi fəaliyyətinə icazə verilmirdi. Biz karate ilə qeyri-rəsmi məşğul olurduq. Sonradan bu idman növü leqallaşmağa başladı. 1992-ci ildə isə Azərbaycan Karate Federasiyası təsis olundu. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu məhz mənim təşəbbüsümlə baş tutdu. 1997-ci ildən etibarən isə ölkəmizdə karatenin ayrı-ayrı növlərini özündə birləşdirən federasiyaların yarandığını nəzərə alaraq, Azərbaycan Karate Federasiyaları Asossasiyasını təsis etdik. Hazırda bu qurum tərkibində 15 karate federasiyası təmsil olunur.- Hər şeydən əvvəl bir idmançı kimi, özünüzün karatedəki uğurlarınızla bağlı məlumat verməyiniz maraqlı olardı…- 1982-83 illərdə Azərbaycanda keçirilən ilk karate yarışlarında dəfələrlə çempion olmuşam. Bundan sonra müəyyən müddət karate yenə rəsmi idman növlərinin siyahısından çıxarıldı. Mən isə bekar dayanmadım. 1983-90-cı illərdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına karatedən təlim keçdim. Elə həmin ildən Avropa və dünya çempionatlarında iştirak etməyə başladıq. Müxtəlif illərdə karate üzrə şəxsi nailiyyətlərim olub. 1993-cü ildən 1998-ci ilə kimi keçirilən çempionatlarda uğurlu çıxışlar etmişəm. 1997-1998-ci illərdə dünya və Avropa çempionatlarında birinci yeri tutmuşam. 1998-ci ildən sonra isə yarışa çıxmamışam. Həmin vaxtdan peşəkar karyerama nöqtə qoydum. Onda həm federasiyaya rəhbərlik edib, təşkilatı işlərlə məşğul olur, həm də idmançı kimi fəaliyyət göstərirdim. Əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar məşqçi və əməkdar idman ustasıyam.- Azərbaycanda karatenin vəziyyəti haqqında nə deyə bilərsiniz?- Ölkəmizdə idmana, idmançılara olan böyük dövlət qayğısından heç şübhəsiz ki karateçilərə də pay düşür. Bu gün Azərbaycan karatesi çox yüksək səviyyədə inkişaf edir. Cənab prezident İlham Əliyevin dəstəyi ilə idman və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu gün birmənalı qaydada demək olar, cənab prezident bütün idmançıların ən böyük dostu və himayədarıdır. Onun rəhbərliyi altındai indi ölkəmizdə yeni olimpiya kompleksləri tikilir, idman qurğuları müasirləşdirilir. Əgər əvvəllər biz karatenin sirlərini kasetlərdən çox çətinliklə öyrənirdiksə, indi artıq bunun üçün ən müasir texnologiyaların imkanlarından bəhrələnmək mümkündür. Hər il bizim təşəbbüsümüz və dövlətimizin dəstəyi ilə Yaponiyadan yüksək səviyyəli müəllimlər Azərbaycana master-classlara dəvət olunur. Bizim idmançılar müxtəlif ölkələdə olaraq biliklərini artırırlar. Elə bunun nəticəsidir ki, ölkəmizin karate idman növü üzrə uğurları ilbəil artır. Azərbaycanlı karateçi, 10 qat Avropa və 3 qat dünya çempionu Rafael Ağayev bu gün dünya karateçilərin reytinq cədvəlində ilk pilləni tutur. Heç şübhəsiz ki bu bizim böyük uğurumuzdur. Bundan başqa Niyazi Əliyev, Ayxan Mamayev, Şahin Atanov, Asiman Qurbanlı, Rafiq Həsənov kimi yüksək nəticələr göstərən idmançılarımız da var. Bu gün karate təkcə paytaxt Bakıda deyil, bütün regionlarda çox böyük sürətlə yayılır və inkişaf edir. Sumqayıt, Gəncə, Quba, Şəki, Lənkəran və bir sıra digər bölgələri buna misal kimi göstərmək olar. Asossasiyamızın təşəbbüsü ilə daim regionlarda gənclərin karateye, sağlam həyat tərzinə cəlb olunması üçün müxtəlif istiqamətli təbliğat işləri aparılır.- Ülvi müəllim, bu il Azərbaycan Karate Federasiyaları Asossiasiyası 20 illiyini qeyd edir. Bununla bağlı yubiley tədbiri nəzərdə tutulubmu?- Bəli, 2012-ci il bütün karateçilər üçün olduqca mühüm və əlamətdar ildir. Azərbaycan karatesi 20 yaşının tamamında bu döyüş növünün inkişaf etdiyi və kütləvi marağı özünə cəlb edən idman ölkəsi kimi tarixə düşür. Biz Asossiasiyanın 20 illiyi ilə bağlı tədbirlərə ilin əvvəlindən start vermişik. Bir neçə ay öncə Bakıda karate üzrə Avropa çempionatı baş tutdu. 40 ölkənin iştirak etdiyi yarışda karateçilərimiz 2 qızıl, bir bürünc medal qazandılar. Ümumilikdə 40 dövlət arasında medalların sayına görə, dördüncü yerə layiq görüldük. May ayında karateçilərimiz İspaniyada keçirilən Avropa çempionatında da uğurlu nəticələr əldə etdilər. Bu yarışda idmançılarımız bir gümüş, iki bürünc medal qazanmaqla komandalar arasında üçüncülüyü əldə etdilər. İyun ayında isə Moskvada klublararası Avropa çempionatı baş tutdu. Bu yarışmada da komandamız kifayət qədər uğurlu nəticə göstərdi. Qarşıda isə biz daha mötəbər bir yarışmaya, Parisdə baş tutacaq dünya çempionatına hazırlaşırıq. İnanırıq ki, yubiley ərəfəsində idmançılarımız dünya çempionatında daha ciddi uğurlar qazanaraq, Azərbaycanın bayrağını yüksəklərə qaldıracaqlar.- Ülvi müəllim, Asossiasiyasının 20 yaşında Azərbaycan gəncliyinə müraciət edərək, nə demək istərdiniz?- Bütün Azərbaycan gəncliyinə səslənərək, onları Azərbaycan idmanının bugünkü uğurlarından bəhrələnməyə, sağlam həyat tərzi keçirməyə dəvə edirəm. Unutmaq olmaz ki, sağlam bədəndə sağlam ruh olar. Karate idman növünün fəlsəfəsində də məhz bəşəri dəyərlər, insanlığa sayğı, mütərəqqi ideyaların müdafiəsi dayanır. Savaşın da bir əxlaqı var. Karate elə bir idman növüdür ki, sağlam rəqabəti təbliğ edir. Bu idman növünün mahiyyətində birinci hücum etmək deyil, ilk zərbə vurmaq dayanır. Karate özündə özünümüdafiəni ehtiva edir. Bütün gəncləri idmanla məşğul olmağa, zərərli vərdişlərdən uzaq olmağa dəvət edirəm. Çox sevindirici haldır ki, idmana, o cümlədən karateyə dövlət səviyyəsində qayğı var və cənab Prezident İlham Əliyev daim bu sahənin inkişafına ən yüksək səviyyədə dəstək göstərir. Bütün bunlar isə gənclərə idmanla məşğul olmağa bir stimul yaradır.