Dünən şəhidin Xətai rayonundakı yataqxanada yaşayan ailə üzvlərinin evində olduq. Elnurun anası Bahar Məmmədova çətinliklə də olsa oğlu haqda danışdı. Dedi ki, oğlu ölümündən öncə ona və qohumlarına zəng vuraraq bayramlarını təbrik edib: “Martın 21-də Elnur mənə zəng vurub bayramımı təbrik etdi. O, bayram əhval-ruhiyyəsində idi. Postda olduğunu dedi. Elnura konturunun getməməsi üçün ”dayan, mən zəng vurum” desəm də o, razı olmadı. Dedi ki, iki gündən sonra postdan düşəcək. Elnur ona dolma, şəkərbura bişirib göndərməyimi istədi”.
Elnur ölümündən öncə sonuncu dəfə qardaşı Elmirlə danışıb və heç nədən narahatçılığının olmadığını deyib. İki övladını təkbaşına çətinliklə böyütdüyünü deyən Bahar ananın sözlərinə görə, 1993-cü ildə Füzulidən köçkün düşəndən sonra hazırda yaşadıqları yataqxanada məskunlaşıblar. O, deyir Elnur Xətai rayonu 17 saylı orta məktəbini bitirəndən sonra Bakı Sosial İqtisad Kollecinə daxil olub: “Kollec müəllimləri Elnurla bağlı bizə heç vaxt şikayət etməyiblər. Dərslərini həmişə yaxşı oxuyub. Kollecdə də II kursa qədər oxuyandan sonra təhsilini yarımçıq saxladı və hərbi xidmətə getdi. O, dindar idi, namaz qılırdı. Həmişə haqqın tərəfdarı olduğunu, vətən uğrunda şəhid olmaq istədiyini söyləyirdi. Hətta sevdiyi qıza məktubunda da şəhid olmaq istədiyini yazmışdı”.
Bahar ana oğlunun sonuncu dəfə ad günündə məzuniyyətə gəldiyini xatırlayarkən göz yaşlarını saxlaya bilmədi. Ana oğlunun hərbi hissəyə qayıdarkən onunla vidalaşdığını da dedi: “Elnur ötən il oktyabrın 25-də on günlük məzuniyyətə gəlmişdi. Həmin günü Elnurun ad günü idi. Noyabrın 5-də gedəndə mənə “mama, gəl vidalaşaq, mən şəhid olub gələcəm” dedi. Vida sözünü eşidəndə ürək edib Elnura yaxınlaşa, onunla görüşə bilmədim. O, qapıdan çıxanda dönüb evin hər yerinə diqqətlə baxandan sonra “əlvida” deyib getdi”.
Oğlunun ölüm xəbərindən söz açan ana hadisə haqda onlara gec məlumat verildiyini söylədi. Şəhidin yaxınlarının sözlərindən məlum oldu ki, martın 22-nə keçən gecə saat 2 radələrində özünü rəsmi şəxs kimi təqdim edən adamlar şəhidin dayısına zəng vuraraq ondan Elnur Məmmədov adlı qohumunun əsgərlikdə olub-olmadığını soruşublar. Zəng vuran şəxslər əsgər haqda məlumat topladıqlarını söyləyiblər.
Martın 22-də saat 19:00 radələrində isə E.Məmmədovun digər dayısı Yavər Məmmədova məlumat veriblər ki, onun cənazəsini Əhmədli tərəfə, Ukrayna dairəsinə gətiriblər. Cənazəni batalyon komandiri ilə birlikdə bir neçə zabit gətiribmiş. Elnurun meyitini gətirən hərbçilər onun ermənilərlə atışma zamanı həlak olduğunu söyləyiblər. Bahar Məmmədova oğlunun martın 21-də saat neçədə ölməsi haqda da onlara məlumat verilmədiyini söylədi: “Oğlumun ölümü haqda bizə niyə vaxtında məlumat verməyiblər? Niyə oğlumun meyitini Ukrayna dairəsinə gətirəndə bizə məlumat veriblər?”
Onu da öyrəndik ki, şəhidin cənazəsi dəfn olunan zaman qəbiristanlıqda mərhumun ailəsindən pul alıblar. E.Məmmədovun yaxınlarının dediyinə görə, şəhidin Suraxanı rayonunda yerləşən Dədə Qorqud məzarlığında dəfn olunması üçün torpağa, qəbir yerinə görə qəbiristanlığın müdiriyyəti onlardan 200 manat alıb. Bundan əlavə, E.Məmmədovun meyiti hərbçilər tərəfindən gətirilərkən tabutun üstündə Azərbaycan bayrağı da olmayıb. Şəhidin yaxınları özləri onu bayrağa bükərək dəfn ediblər.
Şəhid anası isə oğlunun ölümündən sonra bütün bu diqqətsizlikdən narazılıq etdi: “İndi məni bu vəziyyətdə şəhid oğlumun dəfni olunması üçün torpağa görə verdiyim o pul da düşündürmür. Vətən uğrunda şəhid olan övladıma qarşı bu diqqətsizlik, hörmətsizlik mənə və qohumlarıma pis təsir edir. Torpaq uğrunda canından keçmiş şəhid balama iki metr torpaq payı da düşmür?”
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin işçiləri ilə birlikdə yas mərasiminə iştirak etdiyini deyən mərhumun yaxınları icra başçısının yas mərasimi üçün onlara maddi yardım etdiyini də söylədilər. Dedilər ki, bu günə kimi Müdafiə Nazirliyindən, Elnur Məmmədovun xidmət etdiyi hərbi hissədən və digər aidiyyəti dövlət qurumlarından onun şəhid olması haqda ailəsinə heç bir məlumat verilməyib və sənəd təqdim olunmayıb. Şəhidin yaxınları dəfn zamanı orada heç bir rəsmi şəxsin iştirak etməməsindən də gileyləndi. Martın 25-də isə ombudsman Elmira Süleymanova ilə millət vəkili Qənirə Paşayeva şəhid ailəsinə baş çəkiblər.
Bahar Məmmədova oğlunun arzusunun rəsmiləşməsini istəyir: “Elnur şəhid olmaq istəyirdi və arzusuna çatdı. Biz istəyirik onun arzusu rəsmiləşsin. Oğlumun çağırış vərəqəsini evimə necə gətirmişdilərsə, elə də oğlumun şəhidlik sənədini evimə gətirsinlər. Bizi maddiyyat düşündürmür. Bizi şəhid övladıma olan diqqətsizlik narahat edir”.
Mərhumun yaxınları yas mərasimi üçün yaşadıqları binanın qarşısında çadır qurmağa yer tapa bilmədikləri üçün çadırı başqa məhəllədə qurublar. Ailə üzvlərindən onu da öyrəndik ki, əsgərlikdə Elnur Məmmədova “Post canavarı” deyə çağırırmışlar. Allah rəhmət eləsin.
//”Yeni Müsavat”