Maaş günü bayrama düşərsə qanunla nə vaxt ödənməlidir?

Maaş günü bayrama düşərsə qanunla nə vaxt ödənməlidir?
SOSİAL
21:12 29.06.2026
425
Azərbaycanda əməkhaqqının ödənilməsi qaydası uzun illərdir əsasən ayda bir dəfə tətbiq olunan sistem üzərində qurulub. Bir çox dövlət və özəl müəssisələrdə işçilər maaşlarını ayın müəyyən tarixində tam şəkildə alırlar. Lakin son illərdə xüsusilə özəl sektorda əməkhaqqının iki hissəyə bölünərək ay ərzində iki dəfə ödənilməsi praktikası daha geniş müzakirə olunmağa başlayıb. Bəzi şirkətlər əməkdaşların maliyyə yükünü azaltmaq və aylıq xərclərini daha rahat planlaşdırmasına kömək etmək məqsədilə maaşın bir hissəsini avans, digər hissəsini isə ayın sonunda ödəməyi üstün tutur. Digər tərəfdən, bəzi hallarda bu yanaşma işçilər arasında narazılıq və hüquqi suallar da yaradır.

Bu fonda maraq doğuran əsas məsələlərdən biri də Azərbaycan qanunvericiliyinin əməkhaqqının ayda iki dəfə ödənilməsinə necə yanaşdığıdır. Görəsən, əməkhaqqının hissə-hissə verilməsi qanunla mümkündürmü və bununla bağlı işəgötürənlərin hansı öhdəlikləri var?

Mövzu ilə bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əməkhaqqının ödənilməsi müddətləri konkret olaraq tənzimlənir:

"Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən, əməkhaqqı, bir qayda olaraq, iş vaxtı müəyyən edilmiş yerlərdə ayda bir dəfədən az olmayaraq ödənilməlidir (Maddə 172.1). Qanunvericilik əməkhaqqının ayda iki dəfə (məsələn, ayın ortasında avans və ayın sonunda qalıq hissə şəklində) ödənilməsini qadağan etmir. Əksinə, bir çox hallarda tərəflərin razılığı, kollektiv müqavilə və ya əmək müqaviləsi ilə əməkhaqqının ayda iki dəfə ödənilməsi müəyyən edilə bilər. Bu, işçinin sosial müdafiəsi və maddi təminatı baxımından daha əlverişli hesab olunur”.

O deyib ki, əməkhaqqının ödənilmə günləri əmək müqaviləsində, kollektiv müqavilədə və ya daxili intizam qaydalarında müəyyən edilir:

"Əgər ödəniş günü istirahət və ya bayram gününə təsadüf edərsə, əməkhaqqı ondan əvvəlki iş günü ödənilməlidir. Azərbaycan qanunvericiliyinə görə, əməkhaqqının ayda iki dəfə verilməsi tamamilə qanunidir və bu, işəgötürənlə işçi arasında bağlanmış müqavilə ilə tənzimlənə bilər. Əsas tələb odur ki, ödəniş ayda bir dəfədən az olmasın və müəyyən edilmiş vaxtda həyata keçirilsin”.
OXŞAR XƏBƏRLƏR