O, yeni “fəal”a aksiyalar zamanı fotomüxbirlərin və televiziya qarşısında necə davranmağın lazım olduğunu başa salıb. Jurnalisti dərhal ilk “iş”ə – Parisdəki İslam mərkəzinin qarşısındakı aksiyada iştirak etməyə göndəriblər. Fransa səfərinin xərcini – Parisə bilet, otel, taksi və yemək pulu hər bir aksiya iştirakçısı üçün 1000 dollar təşkil edib. Təşkilatçılar aksiya iştirakçıları üçün “açıq-saçıq” geyimlər də alıblar. Jurnalist onu da öyrənə bilib ki, FEMEN Kiyevin mərkəzində ofis yeri üçün 20 min qriven (2500 dollar) ödəyir. Hərəkatın hər bir fəalı isə ayda 1000 dollardan az olmamaqla maaş alır. Jurnalistin işlədiyi “Qroşi” (Pul) proqramı aşkarlayıb ki, FEMEN-çilərin çılpaq döşlərinin arxasında kimlərinsə pulları və siyasi maraqları dayanır. FEMEN-in ofisində KP Media holdinqinin amerikalı sahibi Ced Sanden, alman milyonçu Helmut Qayer və Almaniyadan olan qadın iş adamı Beata Şober tez-tez görünür.
Bir neçə gün əvvəl FEMEN Parisdə şöbə açıb. Kiyevin mərkəzində taxta xaçı mişarlayan Aleksandra Şevçenko hüquq-mühafizə orqanları insidenti araşdırmağa başlayandan dərhal sonra gizlicə Parisə gedib. “Biz beynəlxalq hərəkatıq. Fransada baza açırıq. Ora dünyanın hər yerindən – Avropa, Asiya və Amerikadan fəallar gələcəklər”, – Aleksandra Şevçenko bildirib. Onun sözlərinə görə, FEMEN-in ardıcılları Parisdə hərəkatın “strategiya və taktika”sını öyrənəcəklər. Bir sözlə, Fransa paytaxtı təlim düşərgəsi rolunu oynayacaq.