Mikayıl Əliyev Avropa ikincisi oldu

İDMAN
23:04 04.05.2012
1894
Böyük Britaniyanın Mançester şəhərində keçirilən Avropa Çempionatının ilk döyüş günündə taekvondoçularımızdan Mikayıl Əliyev (54 kq) gümüş medala sahib olub. O, ilkin mərhələdə danimarkalı Surachet Singsorn üzərində 13-2 hesablı inamlı qələbə qazanıb. M.Əliyev daha sonra belaruslu İllia Kokshyntsauya heç bir şans verməyərək (5-0), yarımfinala yüksəlib. Bu mərhələdə taekvondoçumuz yerli idmançı Amin Badridən üstün olmaqla, finalda mübarizə aparmaq imkanı qazanıb. Millimizin üzvü həlledici döyüşdə rusiyalı Seyfula Maqomedova məğlub olsa da, qitə çempionatının gümüş medalını qazana bilib. İlk yarış günündə daha üç taekvondoçumuz mübarizəyə qoşulub. Qadınların yarışında Xəyalə Quliyeva (46 kq) və Səbinə Mikayılova (62 kq) uğurlu çıxış etsələr də, yarımfinalın bir addımlığında məğlub olaraq, medal şansını əldən veriblər. Digər taekvondoçumuz Aydın Bəhməlov (+87 kq) elə birinci mərhələdə məğlubiyyətlə üzləşib. O, London Yay Olimpiya Oyunlarında iştirak edəcək türkiyəli Bəhri Tanrıqulu ilə bacarmayıb.

OXŞAR XƏBƏRLƏR