Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat tədbirləri nəticəsində İrandan qaçaq yolla narkotiklərin daşınması ilə məşğul olan 11 nəfər ifşa edilib, onlardan ümumilikdə 59 kiloqramdan artıq narkotik aşkar edilərək götürülüb.
AZXEBER.COM xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyi və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin birgə əməliyyatı nəticəsində “İran-Azərbaycan-Rusiya” marşrutu üzrə narkotiklərin qaçaqmalçılığı ilə məşğul olan Azərbaycan vətəndaşı Asif İsmayılov Dağıstan Respublikasında yaxalanıb, İrandan Rusiyaya göndərilən içərisində kartof kisələri olan yük avtomobilinə keçirilən baxış nəticəsində 36 kiloqram 200 qram həşiş aşkarlanaraq götürülüb.Milli Təhlükəsizlik Nazirliyinin digər əməliyyatı nəticəsində Azərbaycan vətəndaşları - Rasim Ağayev və Anar Şəbiyev saxlanılıb, onlardan 6 kiloqramdan artıq heroin və 2 kiloqram 965 qram tiryək aşkarlanaraq götürülüb.Başqa bir əməliyyat nəticəsində Azərbaycan vətəndaşı Namiq Hüseynov ifşa edilib, ondan 2 kiloqram 192 qram tiryək aşkarlanaraq götürülüb.Daha bir əməliyyat zamanı Azərbaycan vətəndaşı Nazim Əliməmmədovdan 200 qramdan artıq müxtəlif növ ağır tərkibli narkotik aşkarlanıb. Növbəti əməliyyat nəticəsində Azərbaycanın Astara rayonunun Sım kəndi ərazisində İran istiqamətindən dövlət sərhədini qanunsuz keçən İran vətəndaşı Dilavər Ruhi saxlanılıb, ondan 2 kiloqram 50 qram həşiş qətranı aşkarlanaraq götürülüb.Milli Təhlükəsizlik Nazirliyinin digər əməliyyatı nəticəsində Azərbaycan vətəndaşları - Rafiq Tahirov və Rəhim Babayev saxlanılıb, onlardan İrandan qaçaq yolla gətirdikləri – 48 qramdan artıq çəkidə 205 ədəd metadon götürülüb.Daha bir əməliyyat ilə Azərbaycan vətəndaşları - Sakit Qasımov, Habil Qasımov və Natiq Qasımov saxlanılıb, onlardan 8 kiloqramdan artıq heroin, 1 kiloqrama yaxın tiryək, 303 qram maye halında narkotik vasitə olan amfetamin aşkarlanaraq götürülüb.Bütün faktlarla bağlı cinayət işləri başlanıb, adları cəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam edir.