Mübariz İbrahimovun adına tikilən müzeylə bağlı rüsvayçı vəziyyət

MARAQLI
21:33 18.10.2011
1839

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adına tikilən muzeyin təməli haramla qoyulub. O Mübariz ki, adı hər bir Azərbaycan övladının dilində, sevgisi xalqın qəlbindədir. O Mübariz ki, ölümə qarşı gələrək, sərhədi keçib düşmənlə üzbəüz cəbhədə vuruşub və Vətən uğrunda şəhid olub. Bu gün hər kəs Mübarizlə, onun əməlləri ilə fəxr edir, bütün dünya ona qibtə edir.

Amma Mübarizin doğulub boya-başa çatdığı rayonun rəsmiləri onun əziz xatirəsinə hörmətsizlik edirlər. “Xural”ın məlumatına görə, Biləsuvar rayonunun keçmiş icra başçısı Adil Məmmədov Milli Qəhrəmanın adına tikilən Muzeyin inşasında istifadə edilən tikinti materialları və digər avadanlıqları qarşılığı gələcəkdə ödənmək şərtilə iş adamlarından nisyə götürüb. Tikintidə çalışan iş icraçısı və fəhlələrə də əmək haqlarını Muzeyin istismara təhvil verilməsindən sonra alacaqları vəd edilib. Və bu elə vəd olaraq da qalıb. Yəni A.Məmmədovun bu “humanist” addımı çoxlarının narazılığına səbəb olub. Muzeyin istifadəyə verilməsinə baxmayaraq, hələ də nə fəhlələrin, nə də iş adamlarının əməkhaqları verilməyib. Biləsuvar camaatı hələ də ümidlə pullarını alacaqları günü gözləyirlər. Amma gedişat göstərir ki, hələ çox gözləyəcəklər. Çünki Biləsuvarın keçmiş icra başçısı Adil Məmmədov başqa rayona təyinat alıb və pulu verməkdən boyun qaçıraraq deyir ki, pulu yeni icra başçısı verməlidir. Biləsuvarın yeni icra başçısı Mahir Quliyev isə məsuliyyətdən boyun qaçırır. Bu pulu onun yox sələfinin verməli olduğunu bildirir. Sözün qısası, hər iki icra başçısı topu bir-birinə ötürür. Arada qalan isə “qara camaat”dır.

İcra başçılarının biləsuvarlılarla davranışına cavab olaraq Mübarizin atası Ağakərim İbrahimov öz şanına və igid balasının müqəddəs xatirəsinə yaraşan bir addım atıb. İcra başçısının dəvətinə və xahişinə baxmayaraq, bu mübahisə səbəbindən oğlunun adını daşıyan muzeyin açılışında iştirak etməyib. Şəhid atası deyib ki, biləsuvarlılar narazılıq edir, fəhlələrin pulu ödənməyibsə, deməli, Muzey haramla tikilib: “Mən oğlumun adını daşıyacaq Muzeyin haram pullarla tikilməsinə etiraz edirəm və məsələ həll olunmayacağı təqdirdə ora heç vaxt ayağım dəyməyəcək”. Milli qəhrəmanın atasının bu addımını ictimaiyyət nümayəndələri də alqışlayıb. Əsgər Ailələri İctimai Birliyinin sədri Roza Əliqızı “Şərq”ə bildirib ki, Mübarizin atası doğru olan addımı atıb. Onun sözlərinə görə, iki cür qəhrəman var: “Biri var ki, döyüş vaxtı şəhid olasan. Müəyyən mənada bu onun vətəndaşlıq görəvidir. Bir də var ki, atəşkəs dönəmində düşmənə meydan oxuyasan. Mübariz İbrahimov bilərəkdən birbaşa düşmənin üzərinə gedib və canını vətən uğrunda fəda edib. Belə bir oğula qarşı bu cür laqeyd münasibət göstərmək həqiqətən də ağlasığmaz bir addımdır. İnsan nə qədər dövlətinin milli dəyərlərinə qarşı laqeyd olar ki, bu cür haram yollara əl atsın. Onların bu hərəkətini mən heç cür anlaya və qəbul edə bilmirəm. Mübarizin atasının yerinə mən də, ya da başqa biri də olsa, eyni addımı atardıq. Çünki Mübariz kimi bir oğula qarşı bu cür hərəkət etmək ən azı onun müqəddəs şəhidlik ünvanına təhqirdir”.

R.Əliqızı deyib ki, hər kəs çox gözəl bilir ki, Mübarizin adına Muzey tikməklə özünü “müqəddəs” göstərməyə çalışan, arxada isə başqa evləri yıxan, neçə ailəni çörəksiz qoyan həmin o icra başçısı o pulları hara xərcləyəcək. “Çünki bizim icra başçıları başqalarının alın təri ilə qazandığı pulu istismar edib, bəxtiqara fəhləni işlədib pulunu verməyənlər həmin pula özləri üçün şənlik təşkil edir və müğənniləri başlarına yığıb, onlara qonaqlıq verir. Çünki budur bizim məmur psixologiyamız. Kasıbın, möhtacın başına vurub, əlindən çörəyini alır və həmin çörəkdən öz çirkin məqsədləri üçün istifadə edirlər”.

OXŞAR XƏBƏRLƏR