Müğənni Aysel Babayeva yaxın günlərdə təqdim ediləcək debüt mahnının yazılışına başlayıb.
AZXEBER.COM-un məlumatına görə, “Böyük səhnə” beynəlxalq vokal layihəsinin yarımfinalçısı, “Eurovision-2013” milli seçim turunun isə finalçısı olan müğənninin bu layihəsi “AzeriLife Music Entertainment” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.Müğənninin debüt solo mahnısı “AzeriLife Music Entertainment” prodüser mərkəzi tərəfindən yaradılır. Musiqinin müəllifi Fərid Məmmədov və Rasif Babayevdir, mahnının sözləri və aranjemanı Fərid Məmmədovundur, o, həm də layihənin musiqi prodüseri kimi çıxış edir. Trekin musiqi effektləri (SFX) ilə Əli Abbasbəyli məşğul olacaq (DJ Aligee).Aysel Babayeva və Fərid Məmmədov sözügedən layihə barədə ətraflı məlumat verməyiblər. Yalnız məlum olan budur ki, mahnı özündə müəyyən qız obrazını əks etdirir və bəstənin mövzusu bu günümüz üçün aktualdır. Mahnının iki versiyada – ritmik və akustik şəkildə yazılışı nəzərdə tutulur.Aysel Babayevanın debüt mahnısı rejissorluğunu Nicat Fərəcovun edəcəyi videokliplə birgə təqdim ediləcək.Qeyd edək ki, “AzeriLife Music Entertainment” əcnəbi rekord-leybllarla (xarici səsyazma studiyaları) uğurla əməkdaşlıq edir və Azərbaycanın musiqi sənayesini qərbyönümlü şəkildə inkişaf etdirir. Şirkətin göstərdiyi xidmətlərin spektrinə MDB, Baltika və bir sıra Qərb ölkələri daxildir, həmçinin mərkəzin yaxın günlərdə daha geniş auditoriyaya çıxacağı gözlənilir.