Müğənnilərə efir qadağası bu səbəbdən qoyulub - “Bu senzura deyil, efir məkanın saflaşmasıdır”

Müğənnilərə efir qadağası bu səbəbdən qoyulub - “Bu senzura deyil, efir məkanın saflaşmasıdır”
SOSİAL
16:19 27.02.2026
371
"Müğənnilərə efir qadağası qoyulması cəmiyyətin tələbi idi. Tamaşaçılar artıq onların bayağı söhbətlərindən, ailə qalmaqallarından, qeyri-etik davranışlarından bezmişdi".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.
 
O bildirib ki, tələblərə əməl edilməsə bir çox müğənni özünü qadağa olunmuşlar sırasında görəcək:
 
"Müğənnilərə efir qadağası qoyulması cəmiyyətin tələbi idi. Çünki son zamanlar istər cəmiyyətdə, istərsə də sosial şəbəkələrdə bəzi müğənni və aparıcılara qarşı birmənalı fikir yox idi. Tamaşaçılar artıq onların bayağı söhbətlərindən, ailə qalmaqallarından, qeyri-etik davranışlarından bezmişdi. 

Televiziya kanallarının bu addımı cəmiyyətin sifarişi ilə oldu. Düşünürəm ki, bundan sonrakı mərhələdə efirə çıxan müğənnilər yalnız sənəti, musiqisi və ifaları ilə gündəmdə olmalıdırlar. Əks halda onlar da qadağalardan sığortalanmayıb".
 
Hacıbəy Heydərli Ali Məhkəmənin yeni verdiyi qərarı xatırladaraq insanların şəxsi həyatının toxunulmaz olduğunu bildirib:
 
"Ali məhkəmənin Plenum qərarı oldu ki, insanların şəxsi həyatı ilə bağlı onun icazəsi olmadan xəbərlərin paylaşılmasına qadağa qoyulub. Bununla bağlı Audiovizual Şura televiziya rəhbərləri ilə görüşdə həmin mövzuda məsul şəxslərə təlim keçib. Aparıcılara bildirilib ki, müğənnilərə öz razılıqları olmadığı halda, heç bir şəkildə efir etikasına uyğun olmayan sualların verilməsi yolverilməzdir. Düşünürəm ki, bu kimi mövzuları gündəmə gətirən aparıcılar da efirlərdən uzaqlaşdırılacaq".
 
Onun sözlərinə görə qadağa siyahısı bununla da kifayətlənməyəcək:
 
"Düşünürəm ki, qadağa sadəcə bu siyahı ilə qalmayacaq. Adı dərc edilməyən bəzi müğənnilər də var ki, onlara da qadağa qoyulub. Bu heç də senzura demək deyil. Bu bütövlükdə Azərbaycan mədəniyyətinin, musiqisinin daha sağlam şəkildə təbliğ olunması və efirlərə yalnız musiqisi, sənəti və ifaları ilə yüksələn şəxslərin dəvət olunması deməkdir. Bu, efir məkanının təmizlənməsi və saflaşdırılmasıdır".
 
Aysel Hacızadə

OXŞAR XƏBƏRLƏR