“Yaxşı yadıma düşdü. Sabah 650 AZN kredit ödəmliyəm”
“Seriallara baxanda isə, daha çox gülürəm”.
“Hətta elə vaxtlar olurdu ki, Elməddin Fərda və mən bir bulkunu yeyirdik”.
“Mən bu şouda Murad Dadaşovu daha yaxından tanıdım”.
“Həmin toyda bəylə gəlinin adını dəyişik demişdim”.
AZXEBER.COM portalı, tanınmış gülüş aktyoru Müşfiq Şahverdiyevin portalımıza verdiyi müsahibəni təqdim edir...
“Yaxşı yadıma düşdü. Sabah 650 AZN kredit ödəmliyəm”
-Müşfiq, biz sizə baxıb gülürük. Bəs siz?
Həyatda çoxlu gülünəsi insan var. Mən də onlara gülürəm. Hərdən dostlarla oturanda ətrafda gülməli insanlara rast gəlirəm.
-Sizcə, sağlam zarafat üçün nə lazımdır?
Sağlam zarafat üçün insan özü sağlam olmalıdır. Əgər bir az soyuqlasan və burnun axmağa başlasa, o zaman zarafatların da xəstə olar.
-İnsanları güldürmək asandır, yoxsa ağlatmaq?
Mənim sənətim əslində dram kinoaktyorluğudur. Yadımdadır ki, 2002-ci ildə səhnədə ilk dəfə dram tamaşasında oynadım. Oyunu bitirdikdən sonra hər kəsin ağladığını gördüm. Hərdən özümə deyirəm ki, mən dramı daha yaxşı oynuyuram. Daha sonra isə deyirəm ki, yox, komediyanı daha yaxşı oynayıram. Məncə, insanları güldürmək çətindir. Ağlatmağa nə var ki? Məsələn, desəm ki, sabah mənim kreditim var hamı ağlayacaq. (gülür) Yaxşı yadıma düşdü. Sabah 650 AZN kredit ödəmliyəm. (gülür)
“Seriallara baxanda isə, daha çox gülürəm”. -Müşfiq Şahverdiyev ilk səhnəyə gələndə özünü harada təsəvvür edirdi, indi haradadır?
İlk səhnəyə gələnə təbii ki, özümü filmlərdə görürdüm. Hazırda isə özünüz də gözəl bilirsiniz ki, bizdə filmlər yox film var. Hələ ki bu arzumu tam reallaşdıra bilməmişəm. Düzünü desəm, bu gün çəkilən filmlərin gülməli səhnələrinə baxanda məni həqiqətən ağlamaq tutur. Seriallara baxanda isə, daha çox gülürəm. Çünki dublyajı elə edirlər ki, doğurdan gülməyim gəlir.
-Müşfiq bəy, bu sənəti seçdiyiniz üçün nə vaxtsa peşiman oldunuzmu?
Başqa bir sahədə çalışa bilsəydim, başqa bir işim olsaydı, bu sənətə az vaxt sərf edərdim. Əvvəllər fikirləşirdim ki, ac-susuz olsam da, bu sənətdən əl çəkmərəm. Bilirsiniz ki, teatrlarda hazırda 100-200 AZN maaş verirlər. Bu maaşı alan adam necə ailəsinə baxa bilər? Ümid edirəm ki, nə vaxtsa bu vəziyyət normallaşacaq.
-Bəs əlavə olaraq hansı işlə məşğul olmaq istərdiniz?
Əlavə olaraq, restoran və ya şirkət sahibi olmaq istərdim.
“Hətta elə vaxtlar olurdu ki, Elməddin Fərda və mən bir bulkunu yeyirdik”.
-İlk dəfə tamaşaçılar sizi “Tək Səbir” layihəsindən tanımağa başladılar. Bəs bu verilişin bağlanmasına səbəb nə oldu?
Qrupun rəhbərindən hər zaman çox şey aslıdır. O zamanlar hər şey fərqli idi. Fərda Bakıda yaşayırdı, Mən İncəsənət Universitetində oxuyurdum, Elməddin Gəncədən gəlmişdi. Hamımız kirayə bir evdə qalırdıq. Bir metroya gedib-gəlirdik. Hətta elə vaxtlar olurdu ki, Elməddin Fərda və mən bir bulkunu yeyirdik. . Daha sonra tanınmağa başladıq və özəl olaraq el şənliklərində tamadalıq etdik. Getdikcə daha çox dəvətlər oldu və beləliklə arada narazılıq başladı. İnsanlar belə bir vəziyyətdə hər zaman çirkin sözlər söyləməyə başlayırlar. Eləsi var deyir ki, niyə filankəs məndən daha çox qazanır? Bax belə şeylər dostluğu pozur.
-Bəs indi necə, birlikdə yeni bir layihə düşünürsünüzmü?
Ola bilsin ki, bu yaxınlarda Fərda ilə olsun. Son bir-iki ay ərzində reallaşmalıdır. Təbii ki, yenə söz-söhbət düşməsə. -Müfiq, sizcə bu söz-söhbətlərə səbəb puldur?
Xeyir pul deyil. İndi hər birimiz özümüzə görə tanınırıq. Televiziyada, radioda və digər mətbuat orqanlarında artıq bizim haqqımızda məlumatlar dərc edilir. Məndə də tənbəllik var, Fərdada da. Hərdən biri-birimiz arasında ya zənglərə cavab verəməmək ucbatından ya da buna bənzər səbəblərdən qırğınlıqlar olur.
“Mən bu şouda Murad Dadaşovu daha yaxından tanıdım”.
-“Maşın Şou” sizin həyatınızda nəyi dəyişdi?
Mənim həyatımda bu şounun çöx böyük rolu oldu. İlk dəfə mən bu şounun sayəsində həm mənəvi, həm maddi baxımdan bir çox şeylər qazandım. Mən bu şouda Murad Dadaşovu daha yaxından tanıdım. Murad müəllim mənə söz verdiyi kimi “M production”da ofis verdi. Bizə bir sıra şərait yaratdı. Hazırda işlərimiz çox yaxşıdı. -Hər hansı bir layihə düşünürsünüzmü?
Səhərə qədər sizə yeni layihələr, idealar deyərəm. Ancaq maliyyəsiz çətindir. -Sponsorluq etmək istəyən yoxdur?
Sponsor deyir ki, mən sənə vəsait ayırsam, sən məni necə reklam edəssən? Deyirsən ki, bu dəqiqələrdə sənin adıvı çəkəcəm və deyəcəm ki, səndən yoxdur. Buna baxmayaraq yenə də razılaşmırlar. Ancaq gözəl göyçək bir xanıma isə heç vaxt yox demirlər. -İndiki Müşfiq, əvvəlki Müşfiq üçün darıxırmı?
Bəzi şeylər üçün darıxıram. O vaxt şəhərə çıxanda məni tanımırdılarsa, indi tanıyırlar. Bu bir az məni narahat edir.
-Tamaşalarınızda daha çox cənub zonasının ləhcəsi ilə danışırsınız. Bu sizə nəsə qazandırıbmı?
Yerlilərim məni çox sevirlər. Bütün Cənub zonasının el şənliklərində məni çağırırlar. Bu gün normal yaşamağım üçün onlar mənə çox şey qazandırıblar.
“Həmin toyda bəylə gəlinin adını dəyişik demişdim”. -“Quşlayan tamada” adlı obrazı canlandırırsınız. Həyatda bəs belə halla qarşılaşmısınız?
Suallara çalışıram ki, daha çox səmimi cavab verim. Ona görə, bu suala da səmimi cavab verəcəm. Bəli olub. 7-8 il bundan öncə toyların birində çox pis quşlamışdım. Ancaq ətrafdakılar söhbəti tutmayıblar. -Əgər sirr deyilsə, bizimlə bölüşərdiniz. Xeyr, sirr deyil. Onsuz da üstündən xeyli vaxt keçib. Həmin toyda bəylə gəlinin adını dəyişik demişdim. -El şənliklərində tamada kimi iştirak etmək üçün nə qədər pul alırsınız?
Bölgələrə 1500 AZN, Bakıya 1200 AZN.
-Milyonlarla pulunuz olsa nə edərdiniz?
Şirkət açardım. Çoxlu ideyalarım var. Onların hamısını reallaşdırardım. -Hazırda Bakıda şəxsi eviniz varmı? Xeyr, Bakıda kirayə evdə qalıram.
-Yaxın zamanlarda ailə həyatı qurmaq kimi bir fikriniz varmı?
Yaxın zamanlarda ev almaq istəyirəm. Alandan sonra, yəqin ki, evlənərəm. -Bəs konsert vermək fikriniz varmı?
İnşallah, ehtiyac olsa, təbii ki, etmək istərəm.
-Müşfiq, vəziyyətiniz nisbətən yaxşılaşdıqan sonra kiməsə əl tutursunuzmu?
Bacardığım qədər, imkan çatdıqca edirəm.
-Sonda AZXEBER.COM-a ürək sözləriniz.
Sizin sayta uğurlar arzu edirəm. Arzu edirəm ki, bütün düzgün məlumatları oxucular məhz sizin ünvandan alsınlar.
Güləsər Qasımova