Naftalanda ötən ilin yekunları müzakirə olundu - FOTOLAR

Naftalanda ötən ilin yekunları müzakirə olundu - FOTOLAR
SOSİAL
17:36 30.01.2026
499
Naftalan şəhər Heydər Əliyev Mərkəzində Naftalan şəhərinin 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.  
 
AZXEBER.COM xəbər verir ki, tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri, İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov, Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
 
Hesabat iclasını giriş sözü ilə açan Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri, İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış ölkəmizin davamlı inkişafını təmin edən dövlət idarəetmə modeli Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir.
 
Respublikamızın bütün bölgələrində olduğu kimi Naftalan şəhəri də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyələri, yüksək diqqəti sayəsində son illər daha da inkişaf etmiş, yeniliklərə imza atmışdır.

Hazırda şəhərimizdə beynəlxalq standartlara cavab verən, 3-ü beş ulduz səviyyəli olmaqla ümumilikdə 20 hotel və müalicə sağlamlıq mərkəzi fəaliyyət göstərir. Turizm obyektləri gün ərzində 4000-dən çox qonağa xidmət göstərmək imkanına malikdir ki, buda paytaxt Bakıdan sonra regionlar üzrə qonaqların gecələmə sayına görə ilk yerdir.

2025-ci ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının "Kurort Naftalan” sağlamlıq mərkəzi əsaslı təmir olunmuş, müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilmişdir. Hotel və Müalicə Mərkəzlərinin sayının artması əhalinin sosial rifah halının yüksəlməsinə, rəqabət qabiliyyətinin güclənməsinə, qiymətlərin daha münasib olmasına və ən əsası da turist məmnunluğuna xidmət edir.

Hesabat ili ərzində Naftalan şəhərinə 44 mindən çox turist səfər etmişdir ki, bunlardan 18 min nəfəri dünyanın 53 ölkəsindən olan vətəndaşlardır. İlk üçlükdə Rusiya Federasiyası, Özbəkistan və Qazaxıstan respublikalarından olan turistlər yer alır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin "Sağlamlıq Turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncam və Sərəncamın icrasının təmin edilməsi məqsədilə "2026-2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırılmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2025-ci il tarixli Sərəncamı Naftalan ictimaiyyətinə və Naftalan şəhərinə göstərilən yüksək diqqətin əyani təzahürüdür.  

Hesabat yığıncağında Naftalan şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Nicat Ələsgərov, Şəhid anası Tünzalə Zöhrabova, Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, Naftalan şəhər Heydər Əliyev Mərkəzinin direktoru  Faiqə Ağayeva çıxış ediblər.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov bildirmişdir ki, 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf, quruculuq və bərpa sahələrində mühüm nailiyyətlər əldə edilmişdir. O, Qələbədən sonra icra olunan "Böyük Qayıdış” proqramı, sosial rifahın yüksəldilməsi və regionların tarazlı inkişafının dövlət siyasətinin əsas prioritetlərini təşkil etdiyini, bu uğurlar fonunda Naftalan şəhərində də sosial-iqtisadi göstəricilərin yüksəldiyini, əhalinin rifahı və məmnunluğunun artdığını qeyd etmişdir.

Hesabat yığıncağının yekunlarına dair qərar layihəsi ŞİH başçısı aparatının məsul əməkdaşı tərəfindən oxunaraq tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. 

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət oxunub. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




OXŞAR XƏBƏRLƏR