Xəbər verdiyimiz kimi, Naxçıvan Konstitusiyasının Preambulasından Moskva və Qars müqavilələrinin adı çıxarılır. Milli Məclisin iclasında "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambula hissəsindən 1921-ci il tarixli Moskva və Qars müqavilələrinin adı çıxarılır. Qeyd olunur ki, Naxçıvanın muxtariyyəti və ərazi bütünlüyü artıq Azərbaycan Konstitusiyası çərçivəsində tənzimlənir.
AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli AZXEBER.COM-a bildirib ki, Naxçıvan Muxtar Respublikasının səlahiyyətlərinin yalnız Azərbaycanla bağlı olması təqdirəlayiqdir:
"İkinci Qarabağ müharibəsindən və lokal xarakterli antiterror əməliyyatından sonra bunun həyata keçirilməsi təsadüfi deyil. Artıq Naxçıvan Muxtar Respublikasının səlahiyyətlərinin yalnız Azərbaycanla bağlı olması təqdirəlayiqdir. Azərbaycanın ərazi bütövlüyü Rusiya Federasiyası və Türkiyə Respublikası ilə bağlanmış müqavilələr vasitəsilə deyil, yalnız Azərbaycan Konstitusiyasına əsasən müəyyən edilir. 2-ci Qarabağ müharibəsinə və antiterror əməliyyatına qədər müəyyən problemlər olduğuna görə Naxçıvan məsələsi belə qalmışdı. Azərbaycan artıq ərazi bütövlüyünü tam bərpa etdiyinə görə, bu məsələnin həmin müqavilələrə bağlı qalmasına ehtiyac yoxdur”.
Türkoloq-alim qeyd edib ki, sözügedən məsələ Türkiyə ilə də razılaşdırılıb:
"Sözügedən məsələ Türkiyə ilə də razılaşdırılıb və qardaş ölkə Azərbaycanın mövqeyini dəstəkləyir. Rusiya Federasiyasının isə bununla bağlı etiraz etməsi və ya mənfi münasibət göstərməsi ehtimalı zəif görünür. Çünki Azərbaycan artıq 86,6 min kvadrat kilometr ərazi bütövlüyünü tamamilə bərpa edib. Azərbaycan regionda, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində daha güclü şəkildə ortaya çıxacaq”.
Şahanə Ziyad










































