“O mahnı 20 yanvar şəhidləri üçün yazılmışdı” - “Dərd verdin”in müəllifi danışdı

“O mahnı 20 yanvar şəhidləri üçün yazılmışdı” - “Dərd verdin”in müəllifi danışdı
MAQAZİN
12:29 25.11.2025
696
 
"Mən bu şeiri "20 Yanvar" şəhidləri üçün yazmışam. Nailə Mirməmmədli şeiri dinlədi, göz yaşları içində məndən götürdü, bir gecəyə bu mahnını bəstələdi. Dinləyəndə hönkür-hönkür ağladıq".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında son günlərdə qalmaqallı bəstə kimi qələmə verilən "Dərd verdin" mahnısının sözlərinin müəllifi Dilarə Şahid deyib.
 
Şair bildirib ki, bu mahnının sözləri kommersiya məqsədli yox, "20 Yanvar" şəhidlərinin xatirəsinə ithaf olunub:
 
"Bu şeiri mən "20 Yanvar" şəhidlərinin xatirəsi üçün yazmışdım. Bir gün Nailə Mirməmmdəli bizə gələndə, şeiri ona oxudum. O, şeirdən çox təsirləndi və onu özü ilə apardı. Gecə saatlarında mənə zəng etdi ki, gör mən necə bir bəstə yaratmışam. O mahnını ifa etdi, mən telefonda dinlədim və biz ikimiz də hönkür-hönkür ağlamağa başladıq. Nailə dedi ki, mahnını Mətanət İsgəndərlinin səsinə uyğuyn yazmışam istəyirəm o oxusun. Amma niyəsə məsafə uzandı. Hər dəfə soruşurdum ki, nə oldu, niyə oxumadı Mətanət? Sonra isə oxudu və mahnı həqiqətən də ağır bir əsər kimi yadda qaldı".
 
Söz yazarı bu gün mahnının gecə klublarında səslənməsinə də öz münasibətini bildirib:
 
"Mən mahnıların hər daim yeni nəsil tərəfindən ifa olunmasının tərəfdarıyam. Əgər bir sənətkar ölürsə, onun mahnıları yaşamalıdır. Onda Şövkət xanımın, Rəşid Behbudovun mahnıları da unudulsun? Nə müəllifləri, nə də ifaçısı həyatda yoxdur. İndi bu mahnının bu tərzdə ifa olunmasında bir qəbahət görmürəm, o bacılar pis ifa etməyiblər. Mahnıya yaraşmayan yüngül xarakterli xanım izləyicilərin etdiyi hərəkətlərdir.  Onlar bu mahnının şoulaşdırdılar. "Komedixana"da o mahnını məsxərəyə qoydu. Bunun da qarşısını təəssüf ki, biz ala bilmərik".
 
Dilarə Şahid bildirib ki, illər öncə ərsəyə gələn mahnıdan heç bir qonorar almayıb:
 
"Bu mahnı mənim Nailə ilə bir yerdə hazırladığım layihə idi. Tam təsadüf alınmışdı. Mahnını Mətanət İsgəndərliyə Nailə Mirməmmədli vermişdi. Mən bir manat belə pul almamışam bu şeirə görə. Buna görə də Mətanət xanımda heç bir müəlliflik hüququ ola bilməz. O, o zaman haqq iddia edə bilərdi ki, mahnı və sözləri üçün pul ödəyərdi.
 
Müəlliflik hüququna qalsa mən çox müğənnidən şikayətçiyəm. Hətta Əməkdar artist Ədalət Şükürov mənə "Aydanım" adlı şeir yazdırdı, ona mahnı bəstələndi. Amma mahnı yayımlananda sözləri başqa insanın adına çıxdı. Yeganə Mürsəlova üçün yazdığım "Talehim" mahnısı ilə o neçə dənə ev alıb. Bunu özü də etiraf edir. Mən qalmaqal insanı deyiləm. Çünki adımın yanında atamın adı dayanıb. Belə şeylərdən danışmaq mənə yaraşmaz".
 
Aysel Hacızadə
 


OXŞAR XƏBƏRLƏR