Bir müddət əvvəl şəhərin “Tarqovı” adlanan ərazisində çəkilən bir foto bütün gündəmi ələ almışdı. Hansı ki, velosipet sürən oğlanın sevdiyi xanımı şəhərin mərkəzində öpməsi görüntüsü normal qarşılanmasa da, bir çox şəxsin hal-hazırda da dilindən düşmür. Bəs görəsən 1 gündə məşhurlaşan bu fotonun müəllifi kimdir? Axtarıb-araşdırdıq. Sən demə bu fotonun müəllifi fotoqraf Orxan Rəhmanlı imiş. Onunla söhbətimizdə son zamanlar bəy gəlinlərin üstünlük verdikləri “Love story”ni necə bu qədər sevdirə bilməsindən də danışdıq.AZXEBER.COM fotoqraf Orxan Rəhmanlı ilə müsahibəni təqdim edirik.-Orxan Rəhmanlı, niyə məhz fotoqrafiya?
- Özümə fotoaparat almışdım. Heç vaxt da düşünməzdim ki, mən fotoqraf olaram. 3 il bu işlə sadəcə xobbi olaraq məşğul olmuşam. Tam səmimi deyim ki, 1 ildir bu işlə profisional olaraq məşğul oluram. Ailəm öz ixtisasım üzrə çalışmağımı istədikləri üçün , bu işlə məşğul olmağıma tam qarşı idilər. Uşaqlıqdan incəsənətə böyük marağım olub. Məsələn: aktyorluqla məşğul olmuşam, piyanino, darbuka, gitarda ifa etmişəm. Bunlar içərisində ən böyük istəyim aktyor olmaq olub. Amma ailəm bu istəyimə qarşı çıxıb. Fotoqrafiyaya da başladıqda ailəm universitet vaxtlarım olduğu üçün sadəcə başımı qatım deyə heç bir şey demirdilər. Vaxt keçdikcə, bu işin məndə yaxşı alındığını gördüm və daha da yaxşı ola biləcəyinə inandım.-Necə oldu ki, bu işin səndə alındığını gördün?
- Əsasən “Love story”lərimə gələn şərhlər, insanlar tərəfindən verilən müsbət rəylər bu işin öhdəsindən gəldiyimi göstərdi. Düzdür, müxtəlif tədbir çəkilişlərində oluram. Ad günü, toy, nişan, “Love story” və b. Ancaq bunlar içərisində ən çox sevilən “Love story”lərim olur.-Adının kifayət qədər tanınmasından razısanmı?
- Belə deyim ki, mənim adım “Love story” ilə hallanır. Məsələn “Love story” dedikdə Orxan Rəhmanlı, Orxan Rəhmanlı dedikdə də “Love story” yada düşür. Ancaq sima olaraq ümumiyyətlə tanındığıma inanmıram. Çünki, mən kamera arxasındayam.-Orxan Rəhmanlını digər fotoqraflardan fərqləndirən nədir?
- Bunu tam olaraq deyə bilmərəm. Amma yəqin ki, mənim səmimi olmağım. -Məkanları sən seçirsən, yoxsa müştəri?
- Mən təklif edirəm, onlar seçirlər. -“Love story”u bu qədər sevdirə bilməyinin səbəbi nədir?
- Mən müştərilərlə səmimi söhbət əsnasında işimi görməyi sevirəm. Çünki, onlar məndən çəkinməməli, birlikdə olduğumuz vaxt ərzində illərin tanışıymış kimi davranmaları gərəkdir. Bu çox vacibdir. Onlar çəkiliş zamanı tam sərbəst olmalıdırlar. Heç bir epizodda sıxılmamalıdır. Əks təqdirdə görüntü heç vaxt səmimi alınmaz.-Çəkdiyin fotonun orjinaldı, yoxsa fotoşop?
- Təbii ki orjinal. Ancaq bəzi rəngləri canlandırmaq üçün fotoşopa ehtiyac olur. -“Tarqovı”da çəkdiyin foto 1 gündə bütün gündəmi ələ aldı. Bu cür qarşılanacağına inanırdınmı? Bu kimin ideyası idi?
- İdeya özümə məxsusdur. Onların 'Tarqovı'da öpüşməsini özüm istəmişdim. Ancaq bu işin kökündə başqa bir şey də vardı. Bəzən müştərilərlə ərsəyə gətirmək istəyib də reallaşdıra bilmədiyimiz kadrlar olur. Çünki, bu ideyalar insan beyninə gəldiyi an həyata keçirmək lazımdır. Bu cütlüklə bizim ideyamız tam olaraq bu deyildi. Biz bunu dağlıq bir ərazidə, turist abu-havasında reallaşdırmaq istəyirdik. Bəzi imkanlarımız buna yol vermədiyi üçün məhz “Tarqovı”ya üz tutduq.-Bəzi insanlar bu görüntünün plagiat olduğunu bildirirlər. Buna münasibətin necədir?
- Danmıram bunu. Bu cür görüntü 10 il bundan öncə çəkilmiş ola bilər. Ancaq bu görüntünü digərlərində fərqləndirən, ordakı göyərçinlərin, insanlar toplusunun hər birinin canlı, yəni fotoşopsuz olmasıdır. Məndən sonra həmin məkanda başqa bir görüntü çəkən də oldu. Amma orda çox fotoşop vardı. Fərq budur.-Müəyyən bir kütlə üçün çalışmaq istəyirsən, yoxsa öz işini göstərmək istəyirsən?
- Öz işimi. Həmkarlarımızla söhbətimizdə də bu barədə müzakirələr çox olur. Mən insanların istədiyini heç vaxt vermərəm. Çünki insanlar standart görür. Mənsə bu işlə məşğul olduğum üçün, hər gün yenilik axtarıram və bu yeniliyi çatdırıram. Daima axtarışda olaraq insanın beyni daha da yaxşı işləyir.-İşini bəyəndiyin başqa fotoqraf varmı?
- Həbib Səmədov, Emil Ağayev, Şahin Mürşüdlü, Kelvin Qasımov, Kamran Əmirxanov. Bunlar sırf reytinq üzrədir, mənim getdiyim istiqamətdir.-Bəs fotoqraf olaraq çalışan, ancaq bunu bacarmadığını gördüyün kimlər var?
- Mən pisi də qəbul etməyi bacarıram. Çünki, mən özüm də pisdən bu yerə gəlmişəm. Ona görə də, hər biri qəbuldur mənə. Normal baxıram. Ancaq insan var ki, yerində sayır, insan var ki, inkişaf edir. Təzə başlayan heç bir kəsə deyə bilmərəm ki, sən niyə belə çəkirsən ya başqa nəsə. Çünki adı üstündə, təzədir. Ancaq mənimlə birgə başlayan, işlərini bəyənmədiyim Cəlal Kəngərlidir. Onun şəxsiyyəti haqqında danışa bilmərəm. Buna haqqım da yoxdur. Heç o insanla salam-sağ olum da yoxdur. Ancaq sırf işinə qalsa, onun işi sıfırdır. Bu cür düşünməyimdə də ən başlıca səbəb, bu 4 ildə çox inkişaf etməli insan, heçnə etməyib.-Özündən başqa “Love story”sini bəyəndiyin fotoqraf varmı?
- Heç kim. -Nə üçün fotosessiyalarda əsasən xanımlara üstünlük verirsən?
- Çünki xanımlarla işləmək daha asandır. Tək fotoqrafiyada deyil, bu bütün sahələrdə belədir. -Çəkiliş üçün eyni məkandan bir çox fotoqraf istifadə edir. Bu nədən irəli gəlir?
- Ola bilər. Ancaq çəkiliş üçün bir məkandan 100 fotoqraf istifadə edə bilər. Əsas olan o məkandakı gizli olan gözəlliyi aşkar etmək lazımdır.-Artıq kifayət qədər bu sahədə öz sözünü demiş birisən. Yeni başlayanlara nə demək istərdin?
- Allah heç vaxt çəkilən əziyyəti yerdə qoymur. Bunu hər zaman demişəm, yenə də deyirəm. Əgər sən maraqlanırsansa, oxuyursansa və ən əsası çəkməyə çalışırsansa, alınacaq. Bir dəfə olmayacaq, ikinci dəfə olmayacaq, ama üçüncü dəfə o cür alınacaq ki, özün belə inanmayacaqsan.Ozal İbrahimli


























