21:07 çərşənbə, 20 Fevral 2019
SİYASƏT

PA rəsmisinin tənqid etdiyi icra başçıları – “google” onlar barədə nə deyir?

13:23, 08.02.201911606
PA rəsmisinin tənqid etdiyi icra başçıları – “google” onlar barədə nə deyir?
Dünən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ölkəmiz üçün yenilik sayılacaq bir ilkə imza atıb. Xidmət rəisi "Facebook”da canlı yayımla gördüyü işlər barədə hesabat verib, eyni zamanda, vətəndaşların suallarını cavablandırıb.

Bu gün isə Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun "Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” başlıqlı məqaləsi dərc edilib. 

Məqalədə qeyd olunur ki, bəzi yerli icra hakimiyyətlərinin saytlarında qəbul cədvəlləri dəqiq göstərilmir və mütəmadi yenilənmələr olmur: "Sabunçu, Göyçay, Saatlı, Salyan, Ucar, Qobustan, Qubadlı rayon icra hakimiyyətləri buna misaldır”.

Prezident İlham Əliyevin gərgin iş qrafikinə baxmayaraq, vaxtaşırı regionlara səfərləri və sadə vətəndaşlarla tək-tək görüşü fonunda "əyalət başçıları”nın vətəndaşlara bu cür ögey münasibəti maraq doğurur.

AZXEBER.COM siyahıda adı keçən icra başçıları ilə bağlı qısa araşdırma aparıb. 

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev 7 ilə yaxındır bu vəzifədə çalışır. İcra başçısı təyinatına qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olub. "Volkswagen” avtomobil markasının Azərbaycanda rəsmi təmsilçisi olan "Euro Style” LTD şirkətinə rəhbərlik edib. Ondan öncə isə Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini və Azərbaycan Dövlət Neft Şirkətində yüksək vəzifədə işləyib.
 

 


Beynəlxalq elektron axtarış sistemi – "google”də haqqında axtarış zaparan zaman ilk səhifədəki 9 xəbərdən 8-i tənqidi materiallardır.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlizadə 2 ilə yaxındır bu vəzifədə çalışır. Bundan öncə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi vəzifəsində çalışıb. Daha bir diqqətçəkən məqam ölkədəki əksər icra hakimiyyətlərinin rəsmi saytlarında icra başçılarının bioqrafiyası barədə məlumatlar olduğu halda, M.Səlimzadənin haqqında heç bir informasiyanın dərc edilməməsidir. 
 

 


Beynəlxalq elektron axtarış sistemi – "google”də haqqında axtarış zaparan zaman ilk səhifədəki 9 xəbərdən 6-ı tənqidi materiallardır.

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov 11 ilə yaxındır bu vəzifədə çalışır. Bundan öncə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini işləyib. Bu sistemə gələnə qədər isə komsomol təşkilatlarında, Bakı Metaləritmə zavodunda və Həmkarlar İttifaqında yüksək vəzifələr tutub. Əslən İmişlidən olan S.Cabbarovun qonşu Saatlıya rəhbər təyinatında bu amilin də mühüm rolu olduğu deyilir. 
 

 


Beynəlxalq elektron axtarış sistemi – "google”də haqqında axtarış zaparan zaman ilk səhifədəki 9 xəbərdən 8-i tənqidi materiallardır.

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 2 ilə yaxındır bu vəzifədə çalışır. Bundan öncə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı, Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi işləyib. 2005-2010-cu illərdə III çağırış Milli Məclisinin deputatı olub. Dövlət qulluğuna gələnə qədər sahibkarlıq fəaliyyəti göstərib.
 

 


Beynəlxalq elektron axtarış sistemi – "google”də haqqında axtarış zaparan zaman ilk səhifədəki 9 xəbərdən 7-i tənqidi materiallardır.

Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov 3 ildən artıqdır bu vəzifədə çalışır. Bundan öncə Göyçay və Zərdab rayon icra hakimiyyətlərinin başçısı işləyib. Rayon İcra Hakimiyyətinin rəsmi saytında icra başçısı haqqında olan bölmədə yalnız Prezident İlham Əliyevin M.Məmmədovun icra başçısı təyinatı ilə bağlı sərəncamı yerləşdirilib. İddialara görə, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumudur.
 

 


Beynəlxalq elektron axtarış sistemi – "google”də haqqında axtarış zaparan zaman ilk səhifədəki 9 xəbərdən 3-ü tənqidi materiallardır.

Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov 7 ilə yaxındır bu vəzifədə çalışır. Bundan öncə Biləsuvar, Qəbələ və Oğuz rayon icra hakimiyyətlərinin başçısı işləyib. Əmək fəaliyyətinə baytar həkim kimi başlayan A.Məmmədov sonradan Oğuz rayonunda yüksək vəzifələr tutub. Oğuz rayonu "Aqrokombinat”ın baş direktoru və Oğuz rayon İcra Hakimiyyətində kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi olub.
 

 


Beynəlxalq elektron axtarış sistemi – "google”də haqqında axtarış zaparan zaman ilk səhifədəki 9 xəbərdən 1-i tənqidi materialdır.

Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov ölkəmizin ən uzunömürlü icra başçılarındandır. 18 ildir bu rayona rəhbərlik edir. Bundan öncə Sumqayıt Elektrik Dəstləşdirmə zavodunda çilingər, təhlükəsizlik üzrə mühəndis, mühəndis konstruktor, mühəndis-texnoloq və baş mühəndis vəzifələrində çalışıb. 1984-2001-ci illərdə həmin zavodun direktoru olub.
 

 


Beynəlxalq elektron axtarış sistemi – "google”də haqqında axtarış zaparan zaman ilk səhifədəki 9 xəbərdən 1-i tənqidi materialdır.

// Azər Niftiyev, AZXEBER.COM
XƏBƏR LENTİ