Prezident "III Azərbaycan Milli Şəhərsalma Forumu" iştirakçılarına müraciət ünvanlayıb

Prezident "III Azərbaycan Milli Şəhərsalma Forumu" iştirakçılarına müraciət ünvanlayıb
SİYASƏT
11:48 15.10.2025
525
Xankəndidə keçirilən "III Azərbaycan Milli Şəhərsalma Forumu”nda Prezident İlham Əliyevin müraciəti oxunub.

Müraciəti Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev səsləndirib.

Müraciətdə işğaldan azad edilmiş ərazilərdə görülən tikinti-quruculuq prosesi, görülən işlər xüsusi vurğulanıb. Şəhərsalma baxımından görülən işlərin əhəmiyyəti diqqətə çatdırılıb:

"Hörmətli Forum iştirakçıları!

Sizi Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun açılışı münasibətilə salamlayıram. Xankəndi şəhərinə xoş gəlmisiniz.

Azərbaycanda üçüncü dəfə təşkil olunan və artıq ənənə halını almış bu tədbir şəhərsalma sahəsində milli, regional və beynəlxalq tərəfdaşları bir araya gətirərək təcrübə mübadiləsi aparmaq, yeni təşəbbüslər formalaşdırmaq və əməkdaşlığı gücləndirmək üçün mühüm platforma rolunu oynayır.

BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində keçirilən Milli Şəhərsalma Forumları Azərbaycanın bu sahədə beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığının növbəti parlaq təzahürüdür. Builki Forumda 60-dan çox ölkədən 200-dən artıq xarici qonağın, ümumilikdə 400-ə yaxın nümayəndənin iştirakı həm ölkəmizə olan etimadın və dostluğun, həm də şəhərsalma istiqamətində ortaq məqsədlər naminə həmrəyliyimizin göstəricisidir.

Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir. Ölkədə şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını və icra imkanlarını nümayiş etdirir.

Ötən otuz il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində şəhər və kəndlər tamamilə viran edilmiş, tarixi-mədəni irsimiz dağıdılmış, torpaqlar geniş miqyasda mina çirklənməsinə məruz qalmış, bir milyondan artıq azərbaycanlı öz yurd-yuvasından didərgin salınmışdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər sayəsində həmin ərazilərin işğaldan azad edilməsi ölkəmiz üçün bərpa, yenidənqurma və dirçəliş dövrünün əsasını qoydu.

Bu gün Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadrat kilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin baş planları artıq təsdiqlənib. İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə və 20 kəndə insanlar geri qayıdaraq məskunlaşıb.

Müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Burada son dörd il ərzində 3 yeni beynəlxalq hava limanı, avtomobil və magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji infrastrukturunun yenidən qurulmasına və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. "Yaşıl enerji" zonası elan edilmiş və 10 min meqavat yaşıl enerji üzrə texniki potensiala malik Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisi layihələri sürətlə həyata keçirilir. Burada "ağıllı şəhər”, "ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Regionda iqtisadi inkişafın və məşğulluğun təmin edilməsi məqsədilə sənaye parkları, iqtisadi zonalar yaradılır. Bütün bunlar yerli istehsal imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin açılması ilə yaşayış məntəqələrinin dayanıqlı inkişafına töhfə verir. Eyni zamanda salınan yeni yol infrastrukturu sayəsində Qarabağ və Şərqi Zəngəzurun Bakı və ölkənin digər əraziləri ilə birbaşa əlaqələndirilməsi bu regionların sürətli iqtisadi və sosial inkişafına xidmət edir. Bu gün "Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 60 minə yaxın insan bu ərazilərdə yaşayır, işləyir və təhsil alır.

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun Xankəndi şəhərində keçirilməsi xüsusi məna daşıyır. Uzun illər işğal altında qalmış bu şəhər bu gün sülhün, bərpanın və dirçəlişin rəmzidir. Xankəndidə icra olunan infrastruktur layihələri şəhərin müasir, ağıllı və innovativ şəhər konsepsiyasına uyğun inkişafını təmin edir.

Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır və şəhərlərin dayanıqlı inkişafına xidmət edir.

Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma sahəsində qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-nin Məskunlaşma Proqramı ilə birgə həyata keçirilən təşəbbüslər xüsusi önəm daşıyır.

2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. Bu mötəbər tədbir Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcəkdir.

Bugünkü Forum 13-cü Ümumdünya Şəhərsalma Forumuna gedən yolda mühüm mərhələdir. Əminəm ki, burada aparılan müzakirələr şəhərlərin planlaşdırılması, bərpası və davamlı inkişafı sahəsində strateji təşəbbüslərin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcək, gələcək nəsillər üçün daha yaşıl, inklüziv və firavan yaşayış mühitinin formalaşdırılmasına xidmət edəcəkdir.

Bir daha hamınızı Azərbaycanda salamlayır, Forumun işinə uğurlar diləyirəm".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı