Prezident İlham Əliyev Dövlət Rəssamlıq Akademiyasında oldu

Prezident İlham Əliyev Dövlət Rəssamlıq Akademiyasında oldu
18:15 07.03.2013
1230
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının istifadəyə verilmiş yeni korpusunda yaradılan şəraitlə tanış olub. Dövlət başçısının göstərişi ilə ölkə həyatının bütün sahələrində abadlıq və quruculuq tədbirləri ardıcıl olaraq həyata keçirilir, genişmiqyaslı infrastruktur layihələri reallaşdırılır. Respublikamızın hər yerində yeni-yeni elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənət obyektləri inşa olunur, mövcud binalar isə əsaslı şəkildə yenidən qurulur.Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusu da ən müasir standartlara uyğun olaraq inşa edilib. Bu akademiya 2002-ci ildə prezidentin Fərmanı ilə yaradılıb. Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə peşəkar kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir.Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində təsviri sənət, memarlıq və dizayn, sənətşünaslıq fakültələri, qrafika, rəngkarlıq, heykəltəraşlıq, dizayn, memarlıq, geyim dizaynı, dekorativ tətbiqi sənət, humanitar və ictimai fənlər, təsviri incəsənət tarixi və nəzəriyyəsi kafedraları fəaliyyət göstərir. Akademiyada təcrübəli və peşəkar pedaqoji kollektiv çalışır.Akademiyanın rektoru Ömər Eldarov prezident İlham Əliyevə məlumat verərək bildirib ki, üçmərtəbəli yeni korpusun ümumi sahəsi 6500 kvadratmetrdir. Yeni korpus yüksək standartlara uyğun olaraq müasir memarlıq üslubunda inşa edilib. Binanın daxili tərtibatı da xüsusi zövqlə işlənilib. Yeni korpusda 128 sinif otağı, müxtəlif fənn kabinetləri, laboratoriya və emalatxanalar yaradılıb. Sinif otaqları, kabinetlər və təcrübə laboratoriyaları ən müasir avadanlıq və ləvazimatla təchiz olunub.Dövlət başçısı yeni binanın ayrı-ayrı otaqlarını və təcrübə emalatxanalarını gəzdi, yaradılan şəraitlə yaxından tanış olub. Sonra prezident İlham Əliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının pedaqoji kollektivi ilə görüşüb.Akademiyanın rektoru Ömər Eldarov pedaqoji kollektiv adından prezident İlham Əliyevə minnətdarlığını bildirib.
OXŞAR XƏBƏRLƏR