12:06 şənbə, 22 Sentyabr 2018
SİYASƏT

"Putin Bakıdan siqnal gözləyir ki, Paşinyanı cəzalandırsın" - Politoloq

15:50, 02.06.20188950
"Ötən ilin noyabr ayının əvvəlində inandığım mənbədən aldığım məlumata görə, belə bir status yazdım ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşmədən əvvəl Qarabağla bağlı üç şərtini dəqiqləşdirib".

AZXEBER.COM xəbər verir ki, bu sözləri azərbaycanlı politoloq Elxan Şahinoğlu "Facebook” hesabında yazıb. 

Onun sözlərinə görə, Ərdoğan ötən il Putinlə görüşdə bir neçə dəfə Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini bildirib: 

"Putinin Ərdoğana cavabı belə olmuşdu ki, Qarabağ çox mürəkkəb problemdir və Azərbaycanla Ermənistan mövqeləri diametral dərəcədə bir-birindən fərqlənir. Buna baxmayaraq, Ərdoğan yenə Putinlə görüşdə Qarabağ mövzusunu qaldırmağa hazır idi”. 

Politoloq bildirib ki, buna görə də Putinin bu mövzuda nəsə ev tapşırığı olmalı idi və onun xarici siyasətinə cavabdeh olanlar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün üç şərti konkretləşdirdilər: 

"Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Münaqişənin həlli mərhələsində Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir”.

"O zaman mənim bu statusum xeyli müzakirələrə səbəb oldu, telefon zənglərinin ardı-arası kəsilmədi, hətta jurnalistlərdən biri məndən bu xəbəri haradan aldığımı cidd-cəhdlə öyrənməyə çalışdı və s. Bu statusumun üstündən altı ay keçib. Yenə eyni tələblərin gündəmə gəldiyinə dair bilgi almışam.

Mən həmin üç şərti dilə gətirəndə Ermənistanda nisbi sakitlik, Serj Sarkisyanın mövqeləri güclü, Nikol Paşinyan sıradan bir deputat idi və geniş əhatədə tanınmadığından hakimiyyətə gələcəyini kimsə ehtimal edə bilməzdi.

Üstəlik, Serj Sarkisyan Avropa İttifaqı ilə saziş imzalasa da, Rusiyadan qopmağa çalışmırdı. İndi isə sadalanların hamısı baş verib, Serj Sarkisyan hakimiyyətini itirib, yeni gələn Nikol Paşinyan isə Qərblə yaxınlaşmaq istəyir”, - E.Şahinoğlu əlavə edib. 

Siyasi şərhçinin fikrincə, noyabrda yazdığı üç şərt aktuallığını artırıb:

"Bu günlərdə Bakıda rusiyalı ekspertlə görüşdüm. O, məni inandırmağa çalışdı ki, Rusiyanın hakimiyyət dairələrində Paşinyana inanmırlar, hətta iş o yerə çatıb ki, hakimiyyətdə və mediada qatı rus millətçiləri belə Ermənistanı kəskin tənqid etməyə başlayıblar. Yəni həmin ekspertin mənə dediyi sözlərdən aydın olurdu ki, Ermənistan Rusiyanın nökəri olmasına baxmayaraq, ağasına qarşı üsyan bayrağını qaldırıb və Moskva Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq istəyir.

Rusiyalı ekspert mənə dedi ki, əgər Azərbaycan Avrasiya İqtisadi Birliyinə və daha sonra Kollektiv Təhlükəsizlik Müqaviləsinə daxil olarsa, Rusiya Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcək.

Mənim ona "kim təminat verə bilər ki, biz bu iki təşkilata üzvlük istəyimizi ortaya qoysaq, Rusiya torpaqlarımızın boşaldılması məsələsini həll edəcək” sualıma cavab belə oldu ki, guya Kreml Bakıdan siqnal gözləyir. Hiss edirdim ki, həmin ekspert öz adından danışmır”.

Politoloq qeyd edib ki, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi amorf təşkilatlardır:

"Qazaxıstan və Belarus da bu iki qurumun üzvləridirlər, heç də müstəqilliklərini itirməyiblər və ya tamamən Rusiyadan asılı deyillər. Ancaq məsələ burasındadır ki, Azərbaycan bu iki təşkilata daxil olsa, balanslaşdırılmış xarici siyasətinin üstündən rəsmən xətt çəkəcək, bu isə Qərblə münasibətlərimizə xələl gətirəcək. Ancaq hətta bu itkini göz önünə alaraq biz Rusiyanın istədiyi iki təşkilata üzv olsaq, mən Moskvanın Ermənistan hakimiyyətini sıxışdırıb torpaqlarımızın azad olunmasına yaşıl işıq yandıracağına şübhə edirəm.

Həmin ekspert məni inandırmağa çalışdı ki, Rusiya prezidenti Vladimir Putinin də simpatiyası Azərbaycanın tərəfindədir və ona Bakıdan siqnal lazımdır ki, Paşinyanı cəzalandırsın. Ancaq mənə elə gəlir ki, elə birinci siqnalı Putin özü bizə verməlidir ki, münaqişənin ədalətli həlli üçün real addım atmağa hazır olduğunu görək”.

"Əslində, bizə Moskvanın köməyi lazım deyil, yetər ki, bizə mane olmasın, biz Ermənistanı güc vasitəsilə yola gətirə bilərik, buna gücümüz çatar. Apreldə Moskva açıq-aşkar bizə mane oldu, ona görə də işi tamamlaya bilmədik. İndi əgər Moskva bizim xeyrimizə addım atmaq istəyirsə, sadəcə, bizə mane olmasın. Ancaq buna da təminat yoxdur.

Həmin ekspertin mənə nə deməsindən asılı olmayaraq, mən faktlara inanıram. Həmin ekspertlə söhbətdən sonra xəbər gəldi ki, Moskvada erməni lobbisi "erməni soyqırımının” şübhəli olmasına dair kitabın təqdimat mərasiminə mane olub. Əgər Moskva Azərbaycana doğru addım atmaq istəyirsə, bu kitabın təqdimatına mane olmamalı və həmin erməni lobbisini yerində oturtmalı idi.

Bunu etmədi. Ona görə də mən Moskvadan müxtəlif vasitələrlə Bakıya çatdırılan "biz sizin tərəfindəyik” sözlərinə deyil, atdığı addımlara inanıram. Bu addımlar isə hələlik Moskvanın bizə sipmatiyasının artdığını və torpaqlarımızın azad olunmasında bizə dəstəyini artıracağını göstərmir”, - E.Şahinoğlu bildirib.
XƏBƏR LENTİ