21:05 çərşənbə Axşamı, 20 Avqust 2019
KÖŞƏ

Qız Qalasını söndürənlərə... (REPORTAJ)

05:39, 27.03.20111588
Qız Qalasını söndürənlərə... (REPORTAJ)

Ölkə daxilində kampaniya təşkilatçılığı hüququnu “İrəli” İctimai Birliyi əldə etmişdir. Mövzuya keçməmişdən öncə qeyd edim ki, Earth Hour aksiyası ilk dəfə 2007-ci ildə Avstraliyanın Sidney şəhərində təşkil olunub. Həmin aksiya zamanı 2.2 milyon şəhər sakini və 2,000-dən çox təşkilat qlobal iqlim dəyişikliyi ilə mübarizə və təbiətin qorunmasına dəstək nümayişi olaraq bir saatlıq elektrikenerjisindən istifadəni dayandırıblar. Bundan sonra kampaniya ənənəvi olaraq hər il dünyanın müxtəlif ölkələrində keçirilməyə başlanıb. 27 mart 2010-cu ildə 128 ölkədə keçirilən Earth Hour rekord sayda tərəfdaş toplayaraq dünyanın ən böyük ekoloji kampaniyasına çevrilib. Belə genişmiqyaslı kampaniyaya Azərbaycanın da qatılması bir vətəndaş kimi məni çox sevindirdi. 

Təşkilatçlıq yüksək səviyyədə idi

“Earth Hour” aksiyasının mükəmməl təşkil olunması heç şübhəsiz ki, komanda işindən asılıdır. Bu yöndə “İrəli” komandasına söz ola bilməzdi. Hər şey əvvəlcədən mükəmməl planlaşdırılmış, komanda formalaşmış, çoxsaylı məşqlər edilmişdi. Bir sözlə, paytaxtın simvolu olan Qız Qalasının işıqlarının söndürülməsi üçün hər şey hazır idi. Bunun üçün sadəcə Bakı vaxtıyla saat 21.30-u gözləmək qalırdı. Bu saata qədər isə “İrəli” Gənclik Mərkəzində “Earth Hour”-un təqdimatı, "Biz nə üçün işıqları söndürməliyik?" adlı seminar və Earth Hour city game (şəhər oyunu) keçirilmişdi. Nəhayət, “İrəli”çilərin neçə vaxtdır gözlədiyi an yetişdi. Saat 21.30-da Bakı qaranlığa qərq oldu. Bu bir saat ərzində gənclər əyləncələrinə davam etdilər. Müxtəlif viktorinalar, oyunlar keçirildi.

Bakı sakinlərinin reaksiyası

Qeyd edim ki, aksiyada 100 nəfərdən çox “İrəli” üzvü iştirak edirdi. Amma çox keçmədi ki, bu say artdı. Şəhərə gəzməyə çıxmış sakinlər də gənclərə qoşuldular, onlarla əylənməyə başladılar. Əylənənlər arasında hər yaşdan olan insanlar var idi. Hətta deyərdim ki, 62 yaşlı şəhər sakini Nazim dayı bütün gənclərdən daha aktiv idi. O öz qeyri-adi rəqsləri ilə diqqət mərkəzinə düşməyi bacardı. Bakının simvolu olan Qız Qalasının işıqlarının söndürülməsi əcnəbi vətəndaşların da diqqətindən yayınmamışdı. Onlar paytaxtımızda ilk dəfə belə halla rastlaşdıqlarına görə, xeyli təəcüblənmişdilər. Almaniyalı turist kənardan səssizcə olanları izləyirdi, ona kampaniya haqda məlumat verdikdən sonra isə ağız dolusu danışmağa başladı. O, qeyd etdi ki, yer kürəsində yaşayan hər bir kəs təbiətin qorunmasına, onun çirklənməməsinə çalışmalıdır və belə kampaniyalarınkeçirilməsi sevindiricidir. Həmçinin turist dedi ki, bu aksiyanı ilin bir günü deyil, hər gün keçirmək lazımdır.

Əftrafdakıların “Earth Hour”a qoşulması

Bilindiyi kimi, Qız Qalasının ətrafında bir neçə otel var. Otel sahiblərinin bu kampaniyaya münasibətini öyrənmək üçün ora baş çəkdik. Türkiyədən olan Osman Uçar bu haqda fikirlərini bizimlə bölüşdü: “İlk olaraq burada nə baş verdiyini anlaya bilmədim. Sonra kampaniya haqda mənə məlumat verdilər çox sevindim. Bizdə Türkiyədə də bu aksiya keçirilir. Bizdə şəhər sakinləri bir dəqiqəlik işığı söndürürlər, bu bir dəqiqə ərzində eyvanlara çıxıb, fit çalırlar. Və mən də “Earth Hour Azerbaijan”a dəstək vermək məqsədilə saat 21.30-da bir dəqiqəlik otelimin işıqlarını söndürdüm. Müştərilərə aksiya haqda məlumat verdikdən sonra onlar da buna sevindilər. Ümumiyyətlə, içində insan, təbiət sevgisi olan hər bir kəs bu aksiyaya qoşulmalıdır”. Digər otellərdə də “Earth Hour Azerbaijan”ı maraqla qarşıladılar. Əminliklə söyləyə bilərik ki, bu aksiya nə otel sahiblərini, nə Bakı sakinlərini, nə də ətrafda yaşayanları narahat etmədi əksinə çoxs sevindirdi.

Gözdən qaçmayanlar

Bu aksiya ölkəmizdə ilk dəfə keçirildiyindən bəzi nüanslara toxunmağı da özümə borc bilirəm. İlk olaraq “Facebook”da açılan “Earth Hour Azerbaijan” attendi (dəvəti) haqda. Qlobal aksiyaya sosial şəbəkədə 3700-ə yaxın insan dəvət olunub. Onlardan 702 nəfəri tədbirə qatılacaqlarını bildirib, 1584 nəfər dəvətə cavab verməyib, 468 nəfər ola bilər qatılım, 966 nəfər isə qatılmayacam deyib. Azərbaycanda 300 minə yaxın istifadəçisi olan “Facebook”da bu aksiyaya dava çox insanı dəvət etmək, onları məlumatlandırmaq və aksiyaya çağırmaq olardı. Əminəm ki, PR kampaniyası daha güclü qurulsaydı daha çox insan “Earth Hour”a qoşulardı. Ən azından Qız Qalası ətrafında olan Bakı sakinlərinin aksiyaya marağı buna bariz nümunədir. Başqa bir diqqətçəkən məqam işıqların bir saat söndürülməsi oldu. Bu simvolik bir aksiya olduğundan 1 dəqiqə ərzində də dünyaya mesaj çatdırmaq olardı.“Earth Hour”un əvvəlcədən açıqlanan proqramında yerli ulduzlar tərəfindən açılış nitqi nəzərdə tutulsa da bunun da şahidi olmadıq.

Son söz əvəzi

Bütün bunlara baxmayaraq Bakını qaranlığa qərq etməklə bütün dünyaya Azərbaycan gənclərinin səsini çatdıran insanlara təşəkkür etmək lazımdır. Birmənalı şəkildə deyə bilərəm ki, “Earth Hour”dan sonra dünyada Azərbaycan gəncinin müsbət imici daha da möhkəmlənəcək. Və əminəm ki, “Earth Hour-2012” daha möhtəşəm, daha mütəşəkkil keçiriləcək.

Hacıbəy Heydərli

 

XƏBƏR LENTİ