Azərbaycana ilk səfərim olmasa da, Qəbələ festivalında birinci dəfədir iştirak edirəm. Bu festivalın böyük potensialı var. Hətta deyərdim ki, gözəl təbiət qoynunda ənənəvi keçirilən bu festivalı parlaq gələcək gözləyir. Festivalın təməli yaxşı qoyulub, indi isə onu inkişaf etdirmək lazımdır. Özünüz də, görürsünüz ki, ötən 8 ildə böyük uğurlar əldə olunub.
AZXEBER.COM bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı olan Ukraynanın "Kiyev virtuozları" Simfonik Orkestrinin konsertmeysteri Taras Yaropud deyib.
Ukraynalı musiqiçinin sözlərinə görə, Qəbələ festivalı artıq dünyada tanınır və qəbul olunur: "Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etmək biz musiqiçilərin arzusuna çevrilib. Eşitdiyimə görə ötən illərdə dünyanın 160-dan çox tanınmış musiqiçisi Qəbələ səhnəsində konsert verib. Bu, böyük uğurdu. Bizim orkestr hələ avqustun 11-dək Qəbələ, Şəki, Qax, Zaqatala və Balakəndə də konsertlər verəcək. Mən böyük məmnuniyyətlə, növbəti ildə də orkestrimizlə birgə bu festivalda iştirak edərdim".