"Qələbəmiz Azərbaycan tarixində əbədi qalacaqdır"

"Qələbəmiz Azərbaycan tarixində əbədi qalacaqdır"
SOSİAL
13:22 14.10.2021
221
12 iyul 2020-ci il tarixdə Azərbaycan xalqı on iki şəhid verdi. On iki parça vətən daşı düşdü, həmin on iki parça hamımızın canından getdi, canımızı yandırdı. General- mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və 10 hərbiçimiz Qaraqaya yüksəkliyində qəhrəmancasına həlak oldu. Bütün milləti kədərə boğdu. Hər kəs şəhidlərimiz üçün ayağa qalxdı. Hər gün minlərlə gənc könüllü sırasına yazılıb ədalət uğruna, vətən uğruna döyüşə hazır olduğunu bildirdi.

Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfərədək sakin yaralanmışdır. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat sayəsində həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilmişdir.

Fizuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayır. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.

Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. Vətən müharibəsinin gedişində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir.

Vətən həsrətinə son qoyuldu. 17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. İnsanlar öz doğma torpaqlarına qayıdacaqlar. İşğaldan azad olunmuş torpaqlarımızın inkişafını görən həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhu da şad və rahat olacaqdır.

Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb etmiş bu döyüşlər haqqında kitablar yazılacaqdır. 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Mümkünsüzü mümkün etdi Azərbaycan Ordusu.

Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Baxmayaraq ki, namərd, xain düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur və bunun nəticəsində azyaşlı uşaqlar həlak olurdu, Azərbaycan Ordusu bu əməllərin qisasını mülki vətəndaşlardan almırdı. Biz döyüş meydanında qisasımızı almışıq və həlak olanların qanı yerdə qalmayıb.

Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. 2020-ci il noyabrın 26-da "Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu "Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna gəldilər. İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdı. Sonradan Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyulmuşdur.

Qələbəmiz ən şanlı, ən ədalətli qələbədir. Hansı ki, Azərbaycan xalqının əzəli və tarixi yurdları təxminən 30 ildən sonra azad edildi, uzunillik Vətən həsrətinə son qoyuldu. Döyüş meydanında göstərdiyimiz gücün mənbəyi Azərbaycan xalqının iradəsidir. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Qələbəni görən və bu hissləri yaşayan xalq xoşbəxtdir.

Ağasəf Abdullayev, Vətən müaribəsi iştirakçısı,

"Cəbrayılın azad olunmasına görə" və "Fizulinin azad olunmasına görə" medalları təltifçisi
OXŞAR XƏBƏRLƏR