"Dəhşət və ürək ağrısı ilə oxudum bu yazını. Bu anaya kömək etməliyik. Dövlət qurumlarımızın qardaş Türkiyə ilə birlikdə bu istiqamətdə addımlar atacağına inanıram"
Bu sözləri millət vəkili Qənirə Paşayeva ötən gün AZXEBER.COM xəbər portalında yayımlanan ""Bakıdan İstanbula gedən evin tək oğlu yoxa çıxdı: "Ana, məni daha axtarma"" adlı xəbərə münasibət bildirkən deyib.
Deputat qeyd edib ki, bu çox ciddi məsələdir və əlaqədar qurumlar bu işlə ciddi məşğul olmalıdır:
"Bu məsələ hamımızı ciddi narahat etməlidir. Kimlərdir ölkəmizdə uşaqlarımızın beynini yuyub onları Suriyaya göndərənlər. Ən vacib məsələ bu şəbəkəyə qarşı mübarizənin güclənməsidir. Ananın müsahibəsindəki son aylar yaman dəyişmişdi, sanki baxışları da dəyişmişdi fikirlərini ürək ağrısı ilə oxudum. Dövlət qurumlarımızla bərabər cəmiyyət olaraq biz hamımız da uşaqlarımızın bu qorxulu şəbəkənin təsirinə düşməməsi üçün daha fəal olmalıyıq, bu işlə məşğul olanlar barədə məlumatı olanlar təhlükəsizlik orqanlarına xəbər verməlidir.
Sabah bu hamımızın ailəmizdə böyüyən gənc insanımızın başına gələ bilər. Bu cür şəbəkələrin dini öz çirkin niyyətlərinə vasitə etmələri barədə televiziya kanallarımızda verilişlər, mətbuatımızda yazılar artmalıdır. Gənclərimizi maaarifləndirməliyik. Bu cür şəbəkələrin din adı altında ilk öncə gəncləri yanlarına çəkib sonra onlardan öz çirkin məqsədləri üçün necə istifadə etmələri barədə maarifləndirmə genişlənməlidir ki ailələr və uşaqlar xəbərdar olsunlar və bu şəbəkələrin qurbanına çevrilməsinlər. Bu şəbəkələrin İslam dininə əslində heç bir aidiyyatı yoxdur. Onlar dindən istiifadə etməklə İslam dininə də ən çox zərər vuranlardır. Amma onların beyinlərini artıq yuduqları gəncləri buna inandıqmaq asan deyil. O səbədən gənclərimizi qorumaq üçün daha fəal olmalıyıq. Allah bu anaya kömək olsun. Ağır dərddir".
Xatırladaq ki, Türkiyənin İstanbul şəhərinə gedən Azərbaycan vətəndaşı itkin düşüb.
Bu haqda AZXEBER.COM-a yoxa çıxan Şükürov İlkin Xanəsgər oğlunun anası Ülkər Şükürova məlumat verib.
Ananın dediyinə görə, oğlundan 3 həftədir ki, xəbər ala bilmir: "İlkin mart ayının 4–də Bakıdan Toros Turizm şirkətinə aid avtobusla İstanbula gəlib. O 1990-cı ilə Rusiyada dünyaya göz açıb və Azərbaycan vətəndaşıdır. Özəl xəstəxalanalardan birində kuryer olaraq işləyirdi".
Ülkər Şükürova deyir ki, oğlunun yoxa çıxmasında qaranlıq məqamlar var: "Həmişə deyirdi Türkiyədə yaşamaq istəyirəm, ən böyük arzum İstanbulu görməkdir. Ötən il İstanbula gəzməyə gedəcəkdik, amma alınmadı. 6 aydır çox dəyişmişdi. Özünə qapanırdı, gizli-gizli telefonla danışırdı. Şübhələnirdim. Başqa birinə çevrilmişdi. Baxışları belə dəyişmişdi. Evdən getmədən bir neçə gün öncə dedim ki, oğlum birdən gedərsən bir yerə, səni aldadıb apararlar. Elə bir ürəyimə dammışdı. Dedi "yox mama, mən səni buraxıb heç bir yerə getmərəm".
İnanmazdım ki, oğlum məni atıb gedər. Ayın 3-də evdən çıxıb, 4-də xəbər tutduq ki, pasportu ilə Türkiyəyə gelib. Özü ilə heç nə götürməyib. Avtobusda bilet alanda deyib ki, Laləliyə gəzməyə gedirəm. Telefonu da o gündən bağlıdır.
Ana deyir ki, televiziyada süjet efirə gedəndən sonra ona naməlum nömrədən mesaj gəlib: ""Space" Televizyasının Türkiyə təmsilçiliyi məndən sujet hazırladı verdi, o gecə bizə bir nömrədən mesaj gəldi ki, mən Şam şəhərindəyəm. Bir daha məni axtarmayın. Nə qədər zəng edirik telefonu açan yoxdu. Türk polisinə müraciət etmişəm, onlar da axtarır. Ancaq deyirlər ki, onun yaxınındakı adamlar tapılmalıdır ki, hara getdiyini öyrənə bilsinlər. Oğlum kiminlə oturub dururdu bilmirəm. 15 gündür İstanbuldayam. Səsimi hər kəs eşitsin istəyirəm. Oğlumu tanıyanlar, bilənlər mənə kömək etsinlər. Çarəsizəm. Gözümün ağı qarası bir oğlum var. Mən onsuz yaşaya bilmərəm. Bilirəm oğlumu Türkiyəyə aldadıb, gətiriblər. O heç vaxt məndən ayrılmazdı. Xahiş edirəm bir gözüyaşlı ananın səsini eşidin, mənə kömək edin. "