14:30 Bazar Günü, 16 Iyun 2019
SOSİAL

Qənirə Paşayeva Milli Məclisdə Tovuz rayonunun kəndlərində qaz probleminə toxunub

22:08, 17.05.20193484
Qənirə Paşayeva Milli Məclisdə Tovuz rayonunun kəndlərində qaz probleminə toxunub
Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə çıxışında təmsil etdiyi Tovuz rayonunun kəndlərində qazla təminat məsələsinə toxunub.
 
AZXEBER.COM xəbər verir ki, millət vəkili deyib: "Cənab Prezident son müşavirəsində Azəriqaz İB-yə əhalinin qazla təminatının yaxşılaşdırılması, verilən təbii qazın keyfiyyətinin, təzyiqin yaxşılaşdırılması və s. ilə bağlı tapşırıqlar verib. Təmsil etdiyim Tovuz rayonunda Sovet dövründə evlərə qaz borusu çəkilib və əhali verilən təbii qaza uyğun ödəməni həyata keçirir. Kəndlərdə müstəqillik dövründə yeni evlər tikilib, yeni məhlələr yaranıb, amma onlara qaz boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir və əhalidən bu boruların öz vəsaitləri hesabına çəkilməsi tələb olunur. Bəzi kəndlərimizdə evlərin 70%-80% təbii qazla təmin olunub, 20-30% yeni evlərə isə qaz boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir.  Yeni evlərdə yaşayan insanlarımız veriləcək təbii qaza görə ödəməni həyata keçirməyə hazırdır, lakin onların məhlələrinə, küçələrinə qaz borusunun çəkilməsini həyata keçirə bilmirlər, buna çox insanın kəndlərdə maddi gücü çatmır. Üstəlik prosedurlar özü də asan deyil, çətindir. Ona görə də boru xətlərinin dövlət tərəfindən dövlət vəsaiti hesabına çəkilməsini xahiş edirlər. Eyni kənddə əhalinin bir hissəsinin təbii qazdan istifadə edib, bir hissəsinin edə bilməməsi kəndlərimizdə xeyli sayda insanlarımızın problemidir və onlar bu vəziyyətdən narazılıq edir və xahiş edirlər ki, bu məsələyə qısa zamanda baxılsın və onlara dəstək olunsun.
 
Cənab Prezidentin insanlarımızın sosial rifah halının yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğını nəzərə alaraq, insanlarımız inanır ki, bu məsələ cənab Prezidentə çatdırılarsa, dövlət başçımız insanlarımızın bu istiqamətdə üzləşdiyi problemin həlli istiqamətində də addımların atılması üçün tapşırıqlar verəcək və məsələ qısa zamanda həll olunar. Onlar millət vəkili olaraq bu məsələnin Milli Məclisdə qaldırmağımızı və müvafiq qurumlara bu məsələnin yaxın zamanlarda həll etməyə çağırmağımızı xahiş edirlər.
 
Müvafiq qurumlarımıza yaxın zamanlarda minlərlə insanın problemi olan bu məsələyə xüsusi diqqət ayırmağa çağırırıq və ümid edirəm ki, insanlarımızın adından səsləndirdiyim bu məsələ yaxın zamanlarda  öz müsbət həllini tapa biləcək. "
XƏBƏR LENTİ