Qeyri-neft məhsullarının ixracı 13% artıb

İQTİSADİYYAT
19:16 05.11.2013
1540

Statistik məlumatlara əsasən, doqquz ay ərzində xarici ticarət dövriyyəsi 32,7 milyard ABŞ dolları təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artıb.

AZXEBER.COM-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, dövriyyənin 8,1 milyard dolları idxalın, 24,6 milyard dolları ixracın payına düşüb, nəticədə 16,5 milyard dollarlıq müsbət saldo yaranıb. Bu müddətdə Azərbaycanın rezidentləri dünyanın 144 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 97 ölkəyə əmtəə ixrac olunub, 137 ölkədən idxal olunub. Xarici ticarət dövriyyəsi iştirakçılarının 28-i Amerika, 49-u Avropa, 38-i Asiya və s. ölkələridir. Ticarət əlaqələrinin 11,1 faizi MDB üzv-iştirakçı dövlətləri ilə, 42,6 faizi Avropa İttifaqı ölkələri ilə, qalan 46,3 faizi isə digər dövlətlərlə qurulub. İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 13,0 faiz artaraq 1,3 milyard dollar təşkil edib. Adambaşına düşən qeyri-neft məhsullarının ixracı 14,2 dollar artaraq 135,8 dollara bərabər olub.

OXŞAR XƏBƏRLƏR