Ötən gün xəbər verdiyimiz kimi, sevilən aktyorlar Rafael İsgəndərovla, Coşqun Rəhimovun növbəti “İsti-Rahət” adlı konserti siyasi parodiya ilə yadda qalıb.
Konsertdə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev parodiya edilib və onun sonuncu prezident seçkiləri ərəfəsində opponentlərinə qarşı efirdən səsləndirdiyi ifadələrdən geniş istifadə edilib.
Konsertdə ATV kanalında yayımlanan “ATV Olay” verilişi səhnələşdirilib. Hafiz Hacıyevin obrazını canlandıran Rafael İsgəndərov partiya sədrinin məşhur ifadələrini səsləndirib.
Məsələylə bağlı AZXEBER. COM-a danışan Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev parodiya edilməsini normal qarşılayıb:
“Mənim incəsənət xadimlərinin hamısına hər zaman böyük hörmətim var. Coşqunla Rafael bizim ölkənin ən yaxşı gülüş sənətkarlarından biridirlər. Onlar əgər, mənim prezident seçkiləri zamanı xalqımı müdafiə etdiyim zaman söylədiyim sözləri parodiya ediblərsə, buna heç bir etirazım yoxdur. Rafaellə Coşqun məni parodiya zamanı təhqir də etsə, tənqid də etsə bu mənim üçün problem deyil. Amma yaxşı olardı ki, məni də dəvət edərdilər konsertlərinə. Mən də izləyərdim və baxdıqdan sonra daha aydın fikirlərimi bildirərdim”.
Qeyd edək ki, səhnənin sonunda H.Hacıyevlə Rusiyanın məşhur siyasətçisi Jirnoviskinin şəkilləri yan-yana monitorlar vasitəsilə yayımlanıb.
Əfsələddin Ağalarov