Respublika sarayında yeni il şənliklərinin seanslarını artırdı - FOTO
MƏDƏNİYYƏT
15:57 21.12.2012
3703
Heydər Əliyev Sarayı 3,4,5 yanvar 2013-ci il tarixlərində uşaqlar üçün növbəti dəfə yeni il şənliyi təşkil edəcək. Sarayın mətbuat xidmətindən verilən məlumata görə, rəhbərlik tamaşaçıların çoxsaylı zəngləri və müraciətlərini nəzərə alaraq 5 yanvar tarixdə saat 13:00-dan əlavə saat 16:00-da ikinci seansın keçirilməsini qərara alıb. İkinci seansın biletləri artıq satışdadır və şəhərin kassalarından əldə etmək olar.Uşaqların marağına səbəb olacaq konsertdə milli və müasir rəqslər, muğamvə aşıq ifaları, illüziya şousu, rəngarəng çıxışlar və digər sürprizlər gözlənilir. Bundan əlavə, bir sıra estrada ulduzlarının çıxışları nəzərdə tutulub. Bununla yanaşı, Sarayda led ekranlarda uşaqlar üçün konsert başlamazdan öncə darıxmasınlar deyə ekranda yüksək keyfiyyətdə Yeni ilə aid cizgi filmlərinə baxa biləcəklər.Həmçinin Sarayın foyesində Şaxta baba və Qar qız olacaq ki, bununla da uşaqlar Yeni ilin personajları tərəfindən qarşılanacaqlar. Şənlikdə bütün konsert boyu uşaqların əyləncəsinə rəng qatacaq lazer şou da təşkil olunacaq.Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək Yeni il şənliyində ən hündür səhnə şam ağacı quraşdırılacaq. Əlvan şam ağacının ətrafında toplaşacaq uşaqlar şaxta baba, qar qız və digər nağıl qəhrəmanları ilə birgə əylənəcəklər.Adəti üzrə Bu Yeni il şənliklərində kimsəsiz uşaqlar, şəhid, veteran, əlil ailələrindən olan uşaqlar qayğı və diqqətdən kənarda qalmayacaqlar. Sarayın rəhbərliyi tərəfindən onlara ön sıralardan təmannasız yerlər ayrılacaq. “Azərbaycan Uşaq Fondu”nun Nəsimi rayonu şöbəsi, “Azərbaycana Birgə Yardım” humanitar təşkilatı (UAFA), Azərbaycan Əlillər Cəmiyyətinin Yasamal rayon təşkilatı, “Dünya Analar Səsi” ictimai birliyi, Əlillər Cəmiyyəti ictimai birliyi, Nəsimi rayonu 11№-li xüsusi təhsil məktəbi və s.Hazırda yeni il şənliyinin məşqləri gedir. Biletlərin qiyməti 5-15 manat.