Rusiyadan deportasiya olunan azərbaycanlı miqrantların sayı açıqlanmır

SİYASƏT
15:55 06.12.2013
1523
Oktyabrın 10-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerli vətəndaş Yeqor Şerbakovun qətlə yetirilməsindən sonra bu ölkənin bazarlarında kütləvi yoxlamaların və reydlərin sayı artıb.

Təkcə oktyabr ayında Moskvanın Lyublino bazarında 700, Samara şəhər mərkəzi bazarında 263, İnquşetiyadakı ticarət obyektlərində 600 nəfər miqrant saxlanılaraq ölkədən deportasiya olunub. Ötən həftə Moskvanın “Sadovod” bazarında aparılan yoxlama zamanı 700, “Moskva” Ticarət Mərkəzində isə 1000 nəfər miqrant saxlanılıb, onların əksəriyyəti deportasiya edilib.

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev APA-ya açıqlamasında bildirib ki, konqresin “qaynar xətt”inə hər gün çoxlu zənglər daxil olur: “Bu zənglər yerli rəsmi qurumlarla soydaşlarımız arasında yaranan problemlərlə bağlıdır. Bizim əlimizdən ancaq öz vəkillərimiz vasitəsilə onlara dəstək olmaq, məsləhət vermək gəlir. Sənədləri düzgün olanlar zənglər edirlər ki, polis tərəfindən, miqrasiya xidməti işçiləri tərəfindən incidilirlər. Sənədləri qaydasında olmayanlar və barələrində deportasiya qərarı verilənlərin çoxu isə bizə heç müraciət etmirlər, birbaşa vətənə dönürlər”.

Rusiyadan deportasiya edilən şəxslər arasında nə qədər azərbaycanlının olduğu sualına İ. Hacıyev cavab verməkdə çətinlik çəkib: “Bizdə belə bir məlumat yoxdur. Amma onu da deyib ki, reydlər və bu proses hələ də davam edir”.

Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Fəridə Ağazadə isəAPA-nın sorğusuna cavab olaraq bu barədə heç nə deyə bilməyəcəklərini söyləyib.

Orxan Zeynalov hadisəsindən sonra Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsində yaradılan işçi qrupun rəhbəri, komitənin I ərazi (Rusiya, Ukrayna, Belarus və Moldova) şöbəsinin müdiri Rizvan Əliyev bildirib ki, bu mövzuda o, heç nə deyə bilməz, yalnız mətbuat xidməti və ya komitənin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin rəhbəri Elşad Miraləm vasitəsilə sədr Nazim İbrahimovun razılığı əsasında məlumat almaq olar. E. Miraləm də öz növbəsində Rusiyadan deportasiya olunan azərbaycanlılarla bağlı hər hansı rəqəm və ya məlumat verə bilməyəcəklərini vurğulayıb: “Bununla bağlı biz danışa bilmərik. Yaxşı olar ki, belə məlumatı başqa yerlərdən özünüz alasınız”.

OXŞAR XƏBƏRLƏR