Bu gün – Şairlər Günüdür. Bu tarix yalnız bir peşəni və ya sənət növünü deyil, həm də bir duyğu halını, həyat tərzini, mədəniyyətin dərin qatlarını ifadə edir.
Şair – sadəcə misra müəllifi deyil. O, zamanın ruhunu sezən, cəmiyyətin hisslərini sözə çevirən, duyğuların səsini yazıya köçürən nadir şəxsiyyətdir. Hər dövr öz şairini doğurur, lakin hər dövr eyni zamanda ona ehtiyac duyur. Sözlə düşünən, sözlə danışan və sözlə susan bu insanlar, cəmiyyətin mənəvi güzgüsüdür.
Azərbaycan ədəbiyyatında şair obrazı hər zaman mərkəzi yerdə dayanıb. Nizami, Füzuli, Nəsimi kimi klassiklərimiz yalnız dövrlərinin deyil, bütün əsrlərin yaddaşına həkk olunmuş söz sənətkarlarıdır. Onların davamçıları – Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə, Məmməd Araz və başqaları isə milli mənəvi yaddaşın qoruyucuları kimi şeirləri ilə tarix yazıblar.
Bu sırada xüsusi olaraq qeyd olunmalı ad – Mikayıl Müşfiqdir. Gənc yaşında repressiyanın qurbanı olan Müşfiq, azadlıq, sevgi və insan duyğularının incəliklərini poeziyaya çevirdi. Onun "Oxu tar, sənin nalən mənə məlhəmdir" misrası, təkcə bir şeir parçası deyil, həm də musiqiyə, vətənə və sözə vurğunluğun simvoludur. Müşfiqin poetik dünyası bu gün də gənc nəsildə sözə və azad düşüncəyə sevgi oyadır.
Müasir Azərbaycan poeziyasının canlı əfsanəsi – Ramiz Rövşən, sözlə fəlsəfəni, xalqın ruhunu və üsyanı birləşdirə bilən nadir sənətkarlardandır. O, zamanın səssiz çırpıntılarını hiss edir və onları misraya çevirir. Bir şeirində belə yazır:
Sözüm kəsərsiz qılıncım kimidir,
İnsan dediyin – qırılan ümiddir.
Bu iki misra onun yaradıcılıq xəttini dərinliklə əks etdirir – sözlə vuruşan, ümidsizlik içində ümid axtaran insan portreti.
Yaxın günlərdə Bakıda keçirilən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Ramiz Rövşənin oxucularla görüşü, xüsusilə də gənclərlə ünsiyyəti, onun nə qədər sevilən və təsirli bir sənətkar olduğunu bir daha göstərdi. Festivalda səsləndirdiyi "Ayrılıq" şeiri dinləyiciləri dərin düşüncələrə qərq etdi:
Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz, ömründə min yol
Özünü öldürən adamlar keçir…
Bəli, şair yalnız keçmişin yaddaşında deyil, bu günün reallığında da var. O, bəzən adi oxucunun görmədiyini görür, demədiyini deyir. Sosial ziddiyyətləri, fərdi ağrıları, içimizdəki susqun sevincləri misraya çevirir. İnformasiyaya boğulan bu dövrdə bir misra bəzən bir məqalədən də güclü təsir bağışlayır.
Bu gün həm də poeziyanın çağdaş təmsilçilərindən olan Xəyal Rzanın yaradıcılığına nəzər salmaq yerinə düşər. Oxucu kütləsi tərəfindən sevilən, şeirləri ilə duyğulara toxunan şairin "Yetim qapı” adlı şeiri xüsusilə diqqətəlayiqdir:
Salam, yer üzünün əsir qapısı...
Yoxsul insanların kəsir qapısı!
Salam, cənnət qapı, cəhənnəm qapı...
Ürəyi yaralı, gözü nəm qapı...
Eləcə də "Evsiz qapı”, "Üşüdülər”, "Bu dünya eşq qoxuyar” kimi şeirləri dillər əzbərinə çevrilib, insan qəlbinə toxunan duyğularla zəngindir.
Şairlər günündən bəhs edərkən uşaqlığından bu sənətin izinə düşən şair Nərgiz xanım İsmayılovanı xatırlamaq, onun bu sənətə verdiyi dəyərdən bəhs etmək qürurdur. Nargisin şeirlərində dərin mənəvi təhlil və fəlsəfi düşüncələr ön plandadır. O "Metakədər” adlı kitabında şeirlərinin özünəməxsusluğunu ən gözəl şəkildə sübut edir.
Aşağıda qeyd edilən şeirində şairə tənhalığın, darıxma hissinin və keçmişin izlərinin insan ruhunda yaratdığı təsirləri poetik dillə ifadə edir:
Bu gün bütün gün darıxdım...
Sabah da darıxacağam...
Yenə, yenə, yenə, yenidən...
Hiss qarmaqarışıqlığından doğulur bomboz kölgən...
Valehedicidir...
Unutmayaq: qəzet səhifələri təkcə xəbərləri deyil, həm də həyatın özünü əks etdirməlidir. Həyat isə çox vaxt bir misrada gizlənir. O misranı görmək, eşitmək və hiss etmək üçün bizə şairin baxışı lazımdır.
Çünki mətbuat gündəlik reallığın aynasıdırsa, şeir onun ruhudur.
Və o ruhu yaşadanları tanımaq, onları dəyərləndirmək – hər birimizin mədəni borcudur.
Aygün Hüseyn - gənc jurnalist