“Şəhid” sözünə “miz” artırmaqla o şəhid bizim olmur

“Şəhid” sözünə “miz” artırmaqla o şəhid bizim olmur
SOSİAL
13:26 24.10.2017
7511
Günay Malikqızı

Yenə şəhidimiz var... 
 
Bu itkini də mənimsədik, itkimiz var dedik. Təəssüf, kədər, hissi keçirdirik…
 
Amma, o oğlan heç vaxt anasını qucaqlamayacaq, ana balasının iyini sinəsinə çəkməyəcək, o oğlan daha sevirəm deməyəcək, cavabında mən də səni sevirəm eşitməyəcək, ilk maaşı ilə dostlarına qonaqlıq verməyəcək, muştuluğumu ver oğlun olub deməyəcəklər ona, qız böyütməyəcək, övlad toyunda əlini qaldırıb rəqs etməyəcək, nəvəsinin başını sığallamayacaq, atasının, anasının son nəfəsində onların əlindən tutmayacaq,  Ana daha balasının qoxusnu sinəsinə çəkə bilməyəcək…
 
Bu hissi mənimsəyə bilmərik, bacarmarıq, sözün düzü heç istəmərik də….
 
"Şəhid” sözünə "miz” artırmaqla o şəhid bizim olmur. Təəssüf şəhidlər hələ də bizim deyil…
 
Çünki, biz onların varlıqlarından xəbərdar deyildik ki, yoxluqlarını anlaya bilək…
 
Vətən üçün yaşayan insanlar şəhidi görür, onun yoxluğunu anlayır ona mənim şəhidim deyə bilir. Bunun üçünsə Vətən üçün yaşamaq lazımdır. Adi, çox sadə YAŞAMAQ-piyada yolunu düz keçmək, böyük-kiçik bilmək, növbədə durmagı bacarmaq, başqasının işinə burnunu soxmamaq, gülümsəməyi öyrənmək, salam vermək, sağollaşmaq, qızlarla düzgün davranmaq, elə oğlanlarla da düzgün davranmaq, ərə getməyi, evlənməyi öyrənmək, özünü hiss eləmək, hamıda səhv axtarmamaq, öz səhvini görmək və.s. və ilaxır bu siyahı o qədər uzundur ki, illər keçir və biz bu siyahının bəndlərini azaltmaq əvəzinə çoxaldırıq. Əgər hər birimiz öz yerimizdə, bizə aid olan işi görüb (yola vermək yox, haqqını verib o işi görməkdən gedir söhbət) nəticədə Vətəninin qazanacagını düşünməyi öyrənməsək o şəhid heç vaxt bizim olmayacaq.
 
Heç vaxt… Biz Vətən anlayışını pafoslu sözlərlə yox, küçəyə zibil atmamaqla öyrənməliyik. Yenicə aldıgımız qızılları başqasının gözünün içinə soxmamaqla vətəni sevirik. Eyni xətanı edən mənim kimi avtomobil və ya telefon nömrəsinin "zerkalnııy” olmasına fikir verməyənin avtomobilini saxlamaqla yanaşı "borzı” avtomobil sahiblərini də cərimələməklə Vətəni sevirik. Öz gözümüzdəki tirləri çıxardıb, başqasının gözündəki çör-çöplə bir yerdə qurmaq, yaratmaq hissidir vətəni sevmək.
 
Axı Vətən bu gün qızımın əlindən tutub, apardıgım məktəbdir, 18 yaşlı Cabbar isə o məktəb üçün sinəsini sipər edən oğuldur…
OXŞAR XƏBƏRLƏR