22:16 çərşənbə, 14 Noyabr 2018
GƏNCLİK

Şərqdə ilk parlamentli respublika - Elvin Adgözəlov

16:46, 23.05.20187026
Şərqdə ilk parlamentli respublika - Elvin Adgözəlov
Elvin Adgözəlov

Bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı müstəmləkə rejimi olan çar rusiyası Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv edə bilmədi. XIX əsrdə başlanan mürəkkəb ictimai-siyası proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxartdı. Yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə qadir oldular. Azərbaycan Xalq Cümhurriyyətinin qurulması üçün münbit zəmin yarandı.
Azərbaycan Xalq Cümhurriyyəti Azərbaycan xalqının çar rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində müsəlman şərqində yaranmış ilk parlamentli respublika idi. Bu respublika Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Xosrov bəy Sultanov, Məhəmməd Hacinski kimi görkəmli dövlət xadimlərinin səyi nəticəsində quruldu.
 
Azərbaycan Xalq Cümhurriyyəti höküməti 1918-ci ilin mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci ilin aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir. 1918-ci ilin mayın 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi,  elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən "Azərbaycanın istiqlaliyyəti haqqında”AKT qəbul edildi.

 Milli Şuranın qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış dövlətin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş Azərbaycan xalqının öz müqəddaratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhurriyyətin beynəlxalq nüfuzunu artırdı.

Yeni yaranmış respublikada dövlət hakimiyyəti üç qoldan ibarət idi; parlament, hökümət və məhkəmə hakimiyyəti. Dövlət Parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunurdu. Parlamentdə ölkə ərazisində yaşayan bütün xalqlar öz nümayəndələri ilə təmsil olunmuşdular. İcra hakimiyyəti hökümətə məxsus idi, hökümət parlament qarşısında cavabdeh idi. Müstəqil məhkəmə sisteminin yaradılması sahəsində də mühüm tədbirlər həyata keçirilmişdi. 
 Azərbaycan Xalq Cümhurriyyəti parlamentli respublika idi. Parlamentin ilk iclası 1918-ci il dekabrın ayının 7-də Bakıda Tağıyevin qız məktəbində olmuşdu. Parlament 11 fraksiyadan ibarət idi və 11 komissiya fəaliyyət göstərirdi. 17 aylıq fəaliyyəti dövründə parlamentdə 145 iclas keçirilmiş, müzakirəyə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-u qəbul edilmişdir.
    1920-ci ilin yanvarın 11-də Azərbaycan Xalq Cümhurriyyəti Paris sülh konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınmışdı. Xalq Cümhurriyyəti dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdı. Cümhurriyyət öz fəaliyyəti dövründə bir sıra vacib işlər görmüdür. 

1918-cilin noyabrın 9-u üçrəngli bayrağımız təsdiq edilmiş, iyunun 26-sı ordumuz yaranmış, iyunun 27-si türk dili dövlət dili elan olunmuşdu. 1919-cu ilin avqustunda Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul olunmuşdu.  1919-cu ilin sentyabrında Dövlət Bankı yaradılmış, Bakı Dövlət Universitetinin əsası qoyulmuş, həmin ilin martın 23-ü gerb təsis edilmişdi. Cümhuriyyətin süqutu milli himnimizin qəbul olunmasına imkan verməmişdi. Lakin, buna baxmayaraq 1992-ci ilin mayın 27-də parlament dövlət himni haqqında qanun qəbul etmiş, qanuna əsasən 1919-cu ildə dahi bəstəkarımız Üzeyir Hacıbəyov və böyük şairimiz Əhməd Cavad  tərəfindən tərtib edilmiş Azərbaycan marşı dövlət himni kimi təsdiq edilmişdi.
Azərbaycan Xalq Cümhurriyyəti bütün şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Cümhurriyyət özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu  məqsəd və vəzifələrə görə də, Avropanın ənənəvi demokratik respublikaları ilə eyni sırada idi.

Azərbaycan Xalq Cümhurriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, o, istiqlal naminə əsrə bərabər iş görmüş və nəsillərin yaddaşında tariximizin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, təhsil, ədliyyə, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iş buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki,  Azərbaycan Xalq Cümhurriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Bu cür hürriyətin yaradılmasında müstəsna xidmətləri olan Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Xosrov bəy Sultanov,  Məhəmməd Hacinski, Xudadat bəy Rəfibəyov, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Şəfi bəy Rüstəmbəyov kimi görkəmli ictimai xadimlərin xatirəsini qədirbilən xalqımız bu gün də böyük ehtiram hissi ilə yad edir.
 
Ulu öndərimiz Heydər Əliyev də həmişə bu dəyərləri yüksək qiymətləndirmişdir. Ümummilli liderimiz demişdir ki, Azərbaycan Xalq Cümhurriyyətinin yaranması, istqilal bəyannaməsinin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Bizim dəyərli siyasi xadimlərimiz o il, o ay, o gün bu tarixi addımı atmışdılar. Ulu öndərimiz hər zaman müasir Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhurriyyətinin varisi olduğunu bildirirdi.

Ölkə Prezidenti  İlham Əliyevin 10.01.2018-ci il tarixli sərəncamı ilə 2018-ci ilin  Azərbaycan Xalq Cümhurriyyəti ili elan edilməsi bir sıra səciyyəvi cəhətləri özündə birləşdirir. Bu ilin "Cümhurriyyət ili” elan olunması milli-mənəvi dəyərlərimizə, tariximizə, keçmişimizə və bugünümüzə olan münasibətdir. Prezidentin bu sərəncamı Cümhurriyyət və onun qurucularına verilən yüksək dəyərdir. Ona görə də, ölkəmizdə siyasi mövqeyindən və əqidəsindən asılı olmayaraq hər kəs bu qərarı yüksək qiymətləndirir. Sərəncamda Şərqin ilk parlamentli respublikasının yaradılmasının 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd edilməsi öz əksini tapmışdır. Həmçinin, Prezidentimiz tərəfindən 2007-cilin mayın 25-də "İstiqlal bəyannaməsi”  abidəsinin açılışı olmuşdur.
Uzun illər SSRİ rəhbəri olmuş Stalinin bu bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz sualına Məhəmməd Əmin Rəsulzadənin tarixi cavabı belə olmuşdur. "Çox şey verə bilmədik... amma milli azadlığın nə olduğunu başa saldıq.  Azca da olsa, milli istiqlal dadızdırdıq. Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı. Bir kərə yüksələn bayraq bir daha enməz”.

Sən bizimsən, bizimsən durduqca bədəndə can,

Yaşa, yaşa, çox yaşa, ey şanlı AZƏRBAYCAN!
    
XƏBƏR LENTİ