'Sevdiyim qadın'a görə bir araya gəldilər - FOTOLAR

MARAQLI
13:42 03.12.2012
2234
Dekabrın 1-də “Park Bulvar” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Əli və Nino” kitab mağazasında gənc yazar Əhməd Şahidovun “Sevdiyim qadın” romanının təqdimat mərasimi keçirilib. 
AZXEBER.COM-a xəbər verir ki, mərasimdə yazarın yaxınları, gənc yazarlar, media nümayəndələri iştirak edib. 
Mərasimin maraqlı məqamlarından biri sabiq deputat Gülər Əhmədovanın da tədbirə gəlməsi olub. O, əvvəlcədən söz verdiyi kimi yaxın dostu Əhməd Şahidovun tədbirinə gəlib. Gülər Əhmədova tədbirə kiçik oğlu və qardaşı, ANS-in aparıcısı İlqar Mikayıloğlu ilə gəlib. 
“Sevdiyim qadın” romanı haqqında danışan Gülər Əhmədova kitabla artıq tanış olduğunu qeyd edib. Sabiq millət vəkili qeyd edib ki, Əhməd Şahidov Həcc ziyarətinə getdiyini üçün bundan sonra əsərlərində daha ciddi məqamlara toxunmalıdır.
Kitabın müəllifi romanın böyük səs-küy doğuracağını bildirib. Ə.Şahidovun sözlərinə görə, romanda real hadisələr üstünlük təşkil edir:
“Kitabda Azərbaycanda baş verən hadisələr haqqında geniş yazılıb. Burada ölkə daxilindəki proseslər və qonşu dövlətlərlə olan münasibətləri də qeyd etmişəm. İnanıram ki, “Sevdiyim qadın” ən çox satılan kitablardan olacaq. Yəqin ki, yenidən çapa verəcəyik”.
Qeyd edək ki, Əhməd Şahidovun “Sevdiyim qadın” romanı Milli Kitab Mükafatına təqdim olunub.
Roman sevgidən bəhs edir, onun süjet xətti məhəbbətdir: romanın əsas qəhrəmanı Eyvaz gənc kəşfiyyatçı, eyni zamanda bacarıqlı alim və şairdir. Özündən 5 yaş böyük, Humay adlı kübar bir qadına aşiq olan gənc Eyvaz bütün karyerasını atıb, Moskvadakı işindən ayrılıb Bakıya qayıdır. Bakıda onu bir-birindən maraqlı macəralar gözləyir. Əsərdə romantik sevgi, ehtiras, xəyanət, rəqabət və həyat gerçəklikləri bir-birini əvəz edir. Romanda erotik məqamlar və gərginlik maraqlı dillə təsvir olunub.
OXŞAR XƏBƏRLƏR