Bölgəni nəzarəti altında saxlayan Azad Suriya Ordusunun (OSO) komandiri Əbu Seda isə ən az 68 cansız bədən tapdıqlarını və axtarışları davam etdirdiklərini deyib.
Onun sözlərinə görə, öldürülənlər arasında azyaşlılar da var: "Bu ana qədər 68 cəsəd tapmışıq. Onların bəziləri 12-19 yaş arasında olan azyaşlılardır. Həmin şəxslər rejim tərəfindən edam ediliblər".
Əbu Seda ölülərin sayının 100-dən çox olduğunu ifadə edərək bildirib ki, suda hələ də çox sayda cəsəd var və onların çıxarılması prosesi gedir.
Hökumət nümayəndələrindən biri isə bu iddianı təkizb edib. Onun sözlərinə görə, həmin şəxslər bir müddət öncə üsyançı terrorçular tərəfindən qaçırılaraq öldürülüb: "Həmin şəxsləri terrorist qruplar qaçırıb və onların nəzarəti altında olan Bustan əl Kasrda bir parkda edam ediliblər. İndi də bu terrorçu qruplar öz nəzarəti altındakı Kuveyk çayından çıxarılan cəsədləri göstərərək mediada hökumətə qarşı kampaniya aparırlar".
O bildirib ki, cəsədlərin qaçırılması plan əsasında həyata keçirilib: "Qurbanların bəziləri silahlı terrorist qruplar tərəfindən ona görə qaçırılıb ki, onların həbsdəki yaxınları və ailə üzvləri sərbəst buraxılsın. Bu faktlar artıq təsdiqini tapıb. Cəsədlərin təhlükəsizliyini təmin etməyə çalışırıq və öldürülənlərin kimliyini açıqlayacağıq. Ancaq bu bir az çətin olacaq. Çünki bölgə terrorist qrupların əlindədir".
Hadisə yerində olan şahidlər də ölənlərin üzərlərində şəxsiyyəti təsdiq edən sənədlərin olmadığını bildiriblər. //teleqraf.com