Sürücülər bu səhvlərə görə daha çox cərimələnir - AÇIQLAMA

Sürücülər bu səhvlərə görə daha çox cərimələnir - AÇIQLAMA
SOSİAL
21:16 09.06.2026
129
Sürücülər arasında yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələr müxtəlif səbəblərdən tətbiq olunur. Lakin statistik müşahidələr göstərir ki, bəzi qayda pozuntuları digərlərinə nisbətən daha çox qeydə alınır və bu hallar ən çox cərimələnən pozuntular sırasında yer alır. Bu isə həm yol təhlükəsizliyi, həm də sürücülərin davranış mədəniyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirir.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, ara məsafəsinin düzgün seçilməməsi yol hərəkəti qaydalarının ən çox rast gəlinən pozuntularından biri hesab olunur:

"Bu hal xüsusilə sıx nəqliyyat şəraitində daha qabarıq şəkildə özünü göstərir və qəza riskini əhəmiyyətli dərəcədə artırır. Sürücülər bəzən yol və hava şəraitini nəzərə almadan, qarşıdakı nəqliyyat vasitəsi ilə kifayət qədər məsafə saxlamırlar ki, bu da qəfil dayanma və toqquşmalara səbəb ola bilir. Bununla yanaşı, yol hərəkətində "anlaşma prinsipi”nin pozulması da geniş yayılmış hallardandır. Xüsusilə dairəvi hərəkət sahələrində sürücülər arasında növbəlilik qaydasının gözlənilməməsi, üstünlük hüququnun nəzərə alınmaması və yol vəziyyətinin düzgün qiymətləndirilməməsi kimi hallar tez-tez qayda pozuntularına səbəb olur. Ən çox rast gəlinən pozuntular sırasında dayanma və durma qaydalarının pozulması da xüsusi yer tutur. Sürücülərin qadağan olunmuş yerlərdə dayanması və ya uzun müddət nəqliyyatın hərəkətinə mane olacaq şəkildə durması həm sıxlıq yaradır, həm də yolun buraxılış qabiliyyətini azaldır”. 

O deyib ki, digər mühüm pozuntulardan biri piyadaya yol verilməməsidir:

"Piyada keçidlərində sürücülərin üstünlük qaydasına əməl etməməsi həm piyadaların təhlükəsizliyini ciddi şəkildə risk altına alır, həm də ən çox cərimələnən inzibati xətalar sırasında yer alır. Son illərdə diqqət çəkən digər bir məsələ isə avtobus zolağına daxil olma hallarının artmasıdır. Bu qayda pozuntusu ictimai nəqliyyatın hərəkətinə mane olur, avtobusların qrafikini pozur və yol hərəkəti intizamına mənfi təsir göstərir. Bu tip pozuntular həm yol polisi tərəfindən, həm də müşahidə kameraları vasitəsilə qeydə alınır və inzibati cərimələrlə nəticələnir. Ümumilikdə, sadalanan qayda pozuntuları yol təhlükəsizliyi baxımından ciddi risk yaradır və ən çox rast gəlinən inzibati xətalar sırasında yer alır”.
OXŞAR XƏBƏRLƏR