“Məni kimsə söyməməlidir”.
Bakı Ağır Cinayətlər Məhkəməsində Bahadur Əliyevin (1988-ci il təv.) CM-nin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il dekabrın 21-də Xırdalan şəhərində fəaliyyət göstərən çay evlərindən birində bıçaqlanma hadisəsi baş verib. Belə ki, Bahadur Əliyev aralarında yaranan mübahisə zəminində tanışı Orxan Ruspeykora 3 bıçaq zərbəsi vuraraq, hadisə yerindən qaçıb, lakin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Saxlanılan şəxs törətdiyi cinayəti etiraf edərək bildirib ki, hadisə baş verən gün o, həmin çay evində Orxanla söhbət etmək istəyib.
Amma Orxanın yanında olan dostları söhbətinə mane olub:
“Gəldim, salam verdim və dedim ki, Orxan, çıx bayırda söhbət eləyək, amma yanında olan şəxslər dedilər ki, Orxan bizim qardaşımızdır, nə sözün varsa, yanımızda de. Mən bildirdim ki, sözüm Orxanadır. Sadəcə olaraq arxamca xoşagəlməz söz eşitmişdim və dəqiqləşdirmək istəyirdim ki, belə şey olub, ya yox. Orxanın özündən soruşmaq istəyirdim, amma yanındakılar mənə əl-qol atmağa başladılar”.
Çay evinin işçiləri dava edən gəncləri sakitləşdirən zaman Orxan Bahadura qarşı nalayiq ifadələr işlədib. Buna görə o, üzərindəki bıçaqla Ruspeykoru vurub. Şahidlərin köməyi ilə sonuncu Kliniki tibbi mərkəzə çatdırılmaqla əməliyyat olunub və həyatı xilas edilib.
Məhkəmə prosesində Bahadur Əliyev ittiham üzrə özünü qismən təqsirli hesab edib. O, əməlindən peşman olmadığını bildirib:
“Söyüş söyülüb. Söyüşə görə peşman deyiləm. Məni kimsə söyməməlidir”.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.