Taleh Kazımov kredit faizlərinin enməsini gözləyir, bəs banklar hansı addımı atacaq? - AÇIQLAMA

Taleh Kazımov kredit faizlərinin enməsini gözləyir, bəs banklar hansı addımı atacaq? - AÇIQLAMA
SOSİAL
16:10 04.02.2026
460
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib ki, gözləntimiz kredit faizlərinin düşməsidir. 

O qeyd edib ki, əgər bu il ərzində ciddi kənar təsirlər olmazsa, biz kredit faizlərində azalmanın olacağını proqnozlaşdırırıq. 

İqtisadçı ekspert Elşən Bağırzadə AZXEBER.COM-a açıqlamasında bildirib ki, uçot dərəcəsinin azaldılması kredit faizlərinin enməsi üçün monetar siqnal hesab olunur:

"Uçot dərəcəsinin azaldılması kredit faizlərinin enməsi üçün monetar siqnal hesab olunur. Bu qərar bankların maliyyələşmə xərclərini müəyyən qədər azalda və kredit bazarında yumşalma meyli yarada bilər. Lakin faizlərin dərhal və eyni miqyasda aşağı düşəcəyini gözləmək düzgün olmaz. Banklar kredit faizlərini formalaşdırarkən yalnız Mərkəzi Bankın uçot dərəcəsinə deyil, həm də resurslarının dəyərinə, risk səviyyəsinə və bazardakı rəqabət şəraitinə əsaslanırlar. Bu səbəbdən mümkün azalma daha çox tədrici xarakter daşıya bilər”.


İqtisadçı söyləyib ki, digər vacib məqam məcburi ehtiyat normasının nisbətən yüksək qalmasıdır:

"Məcburi ehtiyat norması bankların cəlb etdikləri vəsaitin bir hissəsini kreditə yönəltmək əvəzinə Mərkəzi Bankda saxlamağı tələb edir və nəticədə kreditləşmə potensialını müəyyən qədər məhdudlaşdırır. Buna görə də uçot dərəcəsinin azalması yumşaldıcı təsir göstərsə də, məcburi ehtiyat tələbləri yüksək olduqca kredit faizlərində kəskin eniş gözləntiləri real görünmür. Prosesin dinamikası eyni zamanda makroiqtisadi mühitdən də asılıdır. İnflyasiya sabit qaldıqda, iqtisadiyyatda risklər artmadıqda və bank sistemində likvidlik kifayət qədər olduqda faizlərin aşağı düşməsi ehtimalı yüksəlir. Əksinə, inflyasiya təzyiqləri güclənərsə və ya qlobal maliyyə bazarlarında qeyri-müəyyənlik artarsa, banklar daha ehtiyatlı davranaraq faizləri sürətlə azaltmaya bilərlər”.

E.Bağırzadə bildirib ki, uçot dərəcəsinin azalması hazırda aktiv olan kreditlər üzrə faizlərin avtomatik enməsinə təsir etməyəcək:

"Hazırda aktiv olan kreditlərə gəldikdə isə, onların böyük hissəsi sabit faiz dərəcəsi ilə rəsmiləşdirildiyi üçün uçot dərəcəsinin azalması bu kreditlər üzrə faizlərin avtomatik enməsi demək deyil. Yalnız restrukturizasiya və ya müqavilə şərtlərinə yenidən baxılması hallarında müəyyən yumşalma mümkündür. Buna görə də faiz azalmasının təsiri ilk növbədə yeni veriləcək kreditlərdə daha aydın hiss oluna bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR