Son günlər koronavirusa yoluxma və ölüm halları orta və azyaşlılar arasında da geniş yayılıb. Ölkəmizdə yoluxmada mütamadi olaraq azalma-artma tendensiyası bir-birini əvəzləsə də, artıq gənc və məktəbyaşlılar arasında ölüm halları müşahidə olunur.
Bu cür halların artması uşaqların vaksinasiya olunması məsələsini yenidən gündəmə gətirib. Hətta şagirdlər vaksin olunmazsa, məktəblərin bağlanması ilə bağlı çağırış edənlər də var.
Bəs ölkəmizdə məktəb yaşlı uşaqların da vaksinasiya olunmasına ehtiyac duyulurmu?
Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən həkim-infeksionist Nicat Əzimli vaksinasiya yaşının aşağı endirilməsinin artıq bir çox ölkədə sınaqdan çıxarıldığını bildirib:
"Vaksinasiya yaşının aşağı endirilməsi bir çox ölkədə sınaqdan çıxarılıb. Artıq bu praktik olaraq qəbul olunmuş profilaktik addımdır. Lakin, bilirik ki, uşaqlar xəstəlikdə ağırlaşma ehtimalı ən aşağı olan yaş qrupunu təşkil edir. Burada əsas məqsəd uşaqlar arasında ağırlaşmaların qarşısını almaq deyil, onlar arasında yoluxma saylarını azaldaraq, təhsil müəssisələrinin açıq qalmasını təmin etməkdir”.
Yoluxmanın azyaşlılar arasında da geniş yayılması məsələsinə aydınlıq gətirən Nicat Əzimli bunun bir səbəbinin də 18 yaşdan aşağı şəxslərin vaksinasiya olunmaması ilə əlaqədar olduğunu bildirib:
"Bunun kimi hallarla əvvəllər də qarşılaşmışıq, adətən gənc yaşlarda ağırlaşmalar çox olmur. Lakin, bu hal kimi bəzi istisnalar da baş verə bilir. Bu cür uşaq və yeniyetmə ağırlaşmalarının əksəriyyəti yanaşı xəstəliklər və immunsupressiv vəziyyət səbəbindən baş verir. Lakin, nadir hallarda da olsa, heç bir yanaşı xəstəliyi olmayıb, sağlam hesab olunan uşaqlarda da bəzən bu ölümlər görülür. Bu, ümumi statistikada yalnız kiçik bir hissəni təşkil edir.
Digər bir məqam indiyə qədər aparılmış vaksinasiya ilə əlaqədardır. Belə ki, 18 yaşdan yuxarı şəxslərdə vaksinasiya uzun müddətdir ki, aparılır. Uşaqlar isə tamamilə müdafiəsizdir və təhsil müəssisələrinin açılması ilə onlar arasında sıx təmas yaranmış oldu. Bu da uşaq xəstələnmələrinin sayını artıraraq, ağırlaşma hallarının sayına da birbaşa təsir etmiş olur”.
Aydın Nuri
Aydın Nuri